“Həbsdəki icra başçılarından bir futbol komandası düzəltmək olar..."

 “Cinayətə dədəlik edənlər villalarında kef edirlər...” - Xalq artisti

"Əgər bu icra başçıları kiməsə arxalanmasaydı, ömründə bu cür risk etməzdi”
 
“Cinayətə dədəlik edənlər villalarında kef edib, bizə acıq verirlər...”
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül icra başçılarının həbsiylə bağlı məsələnin kökündən həll edilməsinin vacibliyini vurğulayıb:
 
“Kim istəyər ki, doqquz il həbsdə yatsın. Özü cəhənnəm, ailəsinin, nəslinin də adına qara ləkə gətirsin. Bunlara bu şəraiti yaradan kimdir?! Məni burda maraqlandıran bir məqam var, icra başçılarının evindən, iş yerindən paçka-paçka pullar çıxır. Bəs görən o pullar hara gedir?! Bu icra başçılarının əmlakına həbs qoyulursa, onlar hansı hesaba gedir?! Yəni o qədər alayarımçıq işlər var ki, adam bəzən şübhələnir. Bu adamlar neçə illərdir nəzarətsiz qalıb, kiməsə arxalanıblar. Bəs görən insanların çəkdiyi əzabın, keçirdiyi əsəbin haqqını kim ödəyəcək? Bu məsələ kökündən həll olunmalıdır, bir adamın həbsiylə iş bitmir. Yəni bu cür məsuliyyətsizlik, gözdən pərdə asmaq olmamalıdır”. 
 
Şeyx Əbdül Bakıda aparılan tikinti işlərinə də öz etirazını bildirib:
 
“Bu gün Bakı şəhəri bəhv olur, boğulur. Burda kiminsə pul qazanmaq cəhdindən çox xəyanət hiss edirəm. Bakı kimi ana şəhərimizi bu günə qoymaq olmaz. Bura yamac, relyef şəhəridir, burda bu cür işləri görmək olmaz. Onsuz da şəhər basırıqdır. Burda daha çox yaşıllığa, genişliyə üstünlük vermək lazımdır. Bakı yeganə şəhərdir ki, dörd səmtdən burda külək əsir, dünyada belə şey yoxdur. Bu gün bunların hamısının qabağı kəsilib. Hündürmərtəbəli binaları tikə-tikə aləmi bir-birinə qatıblar. Mən Bakının Müdafiə Komitəsi adından elan edirəm ki, çirkli pullarla tikilən o göydələnlərin səksən faizi boşdur. O evlərə üç şəhər yerləşdirmək olar. Artıq tikililər dayandırılsın. Getsinlər Qarabağda tikinti işləri aparsınlar da. Bakıda lazımsız özəl universitetlər, idarələr, icra strukturları çıxarılsın, icra strukturlarının səlahiyyətləri əllərindən alınsın, katibələri, sürücüləri işdən çıxarılsın və getsinlər bir işlə məşğul olsunlar. Dövlətin büdcəsiylə hərə bir katibə saxlayır. Bununla Bakı təmizlənsin, nəfəs alsın”. 
 
Xalq artisti illərdir aralarında məhkəmə çəkişməsi olan kemiş Bakı meri Hacıbala Abutalıbovun da fəaliyyətini sərt tənqid edib:
 
“Avtobus dayanacaqlarının yerinə artıq siqaret dükanları qoyublar. Qoxudan parklara girmək olmur. Bakının pis günə qoyulmasının bünövrəsini Hacıbala Abutalıbov qoydu. Mən yalvardım, xahiş etdim ki, etməyin, amma Bakıda müqəddəs binlar var idi, onları söküb yerində Qış Parkı tikdilər. Onun da aldı qaraj, üstü isə betondu. Dibçəkdə ağac əkib adını da park qoyublar. Hər altı aydan bir də həmin ağaclar quruyur və dəyişirlər. Sökülən o binaların dünyada analoqu yox idi. O binada yaşayan böyük sənətkarların adları vurulmalı idi həmin yerlərə. Hacıbala Abutalıbov məhkəməyə çağırılmalıdır, Bakını məhv etdiyinə və uzun illər dövlətin qanunlarını saya salmadığı üçün cəzalandırılmalıdır. Niyə onu məhkəməyə çağıran yoxdur?! Cinayətə dədəlik edənlər villalarında kef edib, bizə acıq verirlər. Mənim yetmiş beş yaşım var və təpədən-dırnağa azərbaycanlıyam”. 






Fikirlər