Hüseyn Abdullayev mühacirətə getməsinin səbəblərindən yazdı

 

Hüseyn Abdullayev mühacirətə getməsinin səbəblərindən yazdı
“Deyirlər, guya 2-3 minlik ordum olub, müxalifətin mitinqlərini dağıtmışam...”

Sabiq millət vəkili Hüseyn Abdullayev özünün facebook hesabında bir yazı paylaşıb. Mühacirət etməsinin üç illiyi ilə bağlı olan həmin yazıda o, bəzi məqamlara toxunub. Musavat.com H.Abdullayevin yazısını bəzi ixtisarlar və redaktə ilə təqdim edir. Sabiq deputat öncə Almaniyada məskunlaşmasına toxunur: 

“Dəyərli dostlarım!

Bu günlərdə Almaniyada məskunlaşıb, mühacir həyatı yaşamağımın üç ili tamam olur.
Nə olursa-olsun, milli kimliyim və duyğularım imkan vermir ki, bir an olsun belə, Azərbaycanımız haqqında düşünməyim, yaxud millətimizin düşdüyü bu ağır iqtisadi böhrana görə narahat olmayım. Və inanın, neçə illərdir mövcud hakimiyyətlə apardığım mübarizə və etirazlarım birbaşa bu amillərlə bağlıdı”. 

H.Abdullayev yazır ki, hakimiyyət onun bu istiqamətdəki fəaliyyətini əngəlləmək üçün həbsini təşkil etdi, sonra da ölkədən getməyə məcbur qoydu. İddia edir ki, ona qarşı böhtan kampaniyası bu gün də davam etdirilir: “Uzun müddət ölkədə olmadığıma baxmayaraq, hakimiyyətin “verbovka” etdiyi (istər iqtidar, istərsə də müxalifət yönümlü) bəzi səviyyəsiz və yaramaz jurnalistlər hər fürsətdə mənim keçmişimə qara yaxmağa çalışır. Gah yazırlar, guya mən uzun illər kölgə iqtisadiyyatına nəzarət etmişəm, gah da həyasızcasına iddia edirlər ki, bir vaxtlar 2-3 min nəfərdən ibarət silahlı dəstənin sponsoru olmuş və iş adamlarını təhdid etmişəm. Bunlar azmış kimi, həmin bu provokatorlar sosial mediadakı öyrədilmiş tör-töküntülərinin əli ilə bəyan edirlər ki, o vaxtlar guya mənim göstərişimlə (sanki o an bunlar mənim yanımdaymışlar) bir qrup idmançı müxalifətin mitinqlərini dağıdıb, aksiya iştirakçılarına ağır xəsarətlər yetiriblər. Bir insan nə qədər murdar, nə qədər fitnə ünsürü olsun ki, bu cür cəfəng və heç bir əsası olmayan avantüralara əl atsın?!

Doğrudur, hər kəsin fərqli düşüncəsi və sərbəst tənqid etmə hüququ vardır. Amma bu, qətiyyən o anlama gəlməməlidir ki, hər yoldan keçən ona-buna şər atıb, Azərbaycan xalqını çaşdırmalıdır. Görünür bunlarda imkan olsa, Roma Papası II İohan Pavelə qarşı törədilmiş sui-qəsdi də mənim üstümə atarlar. Əslində əgər Azərbaycanda məhkəmə və hüquq sistemi iflic durumda olmasaydı, bunların hamısını cinayət məsuliyyətinə cəlb etdirərdim. Sağlıq olsun, bir gün haqq-ədalət hər kəsin layiq olduğu yeri göstərər.
Sevimli soydaşlarım!”. 

H.Abdullayev daha sonra yazır: “Mən heç bir zaman təmənnasız etdiyim işləri dilə gətirmək istəməmişəm. Lakin bu gün bəzi vassalların yaddaşını yeniləsəm, pis olmaz. Niyə yazmırsınız ki, həmin bu Hüseyn Abdullayev 25 il çalışıb qazandığı sərvətini riskə ataraq, ailə üzvlərinə zərər verilə biləcəyini gözə alaraq, parlamentdə hakimiyyəti sərt tənqid edib, aparılan antixalq siyasətinə qarşı çıxdı? Bəs niyə demirsiniz ki, adam həbsdən çıxdıqdan sonra da mübarizə apararaq, canından çox sevdiyi yurdunu tərk etməyə məcbur oldu?”. 

H.Abdullayev yazısında deputatlar Siyavuş Novruzovla və Adil Əliyevlə bağlı da məqama toxunub: “Yeri gəlmişkən, mən o adlarını millət vəkili qoyan, amma nə yazıq ki bir dəfədə olsun belə parlamentdə milləti narahat edən problemlərə toxunmayan Siyavuş Novruzov və Adil Əliyev kimi deputatlardan soruşmaq istəyirəm. Ey vaxtaşırı məni tənqid edən psevdopatriotlar! Siz hansı haqla mənə iradlar tutur, hətta Azərbaycana və dövlətçiliyə qarşı çıxmaqda ittiham edirsiniz? Siz kimsiz axı? Nə oldu, vergi şantajı boşa çıxdı, “alman kəşfiyyatına işləyir” deməniz yetmədi, indi də bu cür məsuliyyətsiz ittihama əl atırsınız?”. 

Sabiq deputat yazır ki, 2007-ci ildə parlamentdə hakimiyyəti tənqid edərkən, öz vəzifə borcunu yerinə yetirib: “Əgər bu, dövlətçiliyimizə və Azərbaycana qarşı çıxmaqdırsa, bəli, çıxmışam. Mənim 1992-ci il 400 min əhalisi olan Naxçıvanın “İnkişaf və Müdafiə” fondunun əsas sponsoru olmağım, paralel olaraq Qarabağ müharibəsində döyüşən əsgərlərə davamlı yardım etməm, deputat seçildiyim Bakının Nizami rayonunda 800 ailəyə (imkansız müəllimlər, universitet tələbələri və kimsəsiz yaşlı və xəstələrə) hər ay rəsmi olaraq mütəmadi maliyyə yardımı göstərməyim Azərbaycana qarşı çıxmaqdırsa, bəli, çıxmışam”. 

“Mənim ruhumda olan millət və Vətən sevgisini sizlər xəyal belə edə bilməzsiniz” – deyən H.Abdullayev daha sonra yazır: “O ki, qaldı mənim siyasətlə məşğul olub-olmamağıma, bəli, əgər bu günkü vəziyyət imkan versəydi, mən Azərbaycanda qalıb öz doğma xalqıma xidmətimi göstərərdim. Fəqət, hal-hazırda öz elimdə İlham Əliyevə boyun əyib, onun iradəsinə tabe olmaqdansa, qürbət eldə mübarizə aparıb rejimi dəyişmək daha yaxşıdır”. (Azərtaym.az)






Fikirlər