Fazil Mustafanı SEPAH vurdurub – Sui-qəsdi təşkil edənlər 30 min dollar alıb
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı cinayət işi üzrə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Məhkəmə qarşısında təqsirləndirilən şəxs qismində 5 nəfər çıxarılıb. Bunlar - Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovdur. AzerTaym.az xəbər verir ki, “Gununsesi.info” adıçəkilən şəxslərin ittiham aktına istinadla bu cinayətin təfərrüatını öyrənib. İstintaq araşdırması zamanı məlum olub ki, cinayət İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən sifariş edilib. Qeyd olunur ki, A. Səricanov məsuliyyəti öz üzərinə götürüb. Məlum olub ki, dəfələrlə İranın Qum şəhərində olan A. Səricanov bu ölkənin xüsusi xidmət orqanları ilə iş birliyində olub. İddilara görə, F. Mustafaya qarşı cinayəti boynuna götürən şəxs bunun müqabilində 30 min ABŞ dolları məbləğində mükafat alıb. O, istintaqa ifadəsində bu barədə etiraflar edib. Qeyd edək ki, ötən ilin martında Milli Məclisin deputatı Fazil Mustafa yaşadığı evin önündə terrok aktına məruz qalıb. Terakt nəticəsində deputat bədəninin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yaraları alıb. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi istintaq olunaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.