Məhkəmədə İLGİNC OLAY: ŞAhİDLƏR 6 ildən sonra İFADƏLƏRİNİ DƏYİŞDİLƏR

Məhkəmədə ilginc olay: şahidlər 6 ildən sonra ifadələrini dəyişdilər
Şəkili “Sibir cigiti”, “Samuray qılıncı”, ayaqlar altındakı erməni bayrağı” yazısı yadınızdadırmı?

 

Oxuyanlar bilir, oxumayanlara isə kiçik xatırlatma. Yazının qəhrəmanı AZAD MƏMMƏDOV Şəkinin Qormux kəndindəndi. Hələ universitetdə oxuyanda təhsilini yarımçıq qoyaraq könüllü Qaradağda gedən döyüşlərə qatılıb. İndiki Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovun komandanlığı altında. Atəşkəsdən sonra Rusiyaya gedib. İdmanın sambo, cüdo, pankration (qaydasız döyüş) növü ilə məşğul olub.

10 il Rusiyanın müxtəlif şəhərlərində keçirilən yarışlarda iştirak edib. İlk azərbaycanlı olaraq 2001-ci ildə ağır çəkili idmançıların qaydasız döyüş yarışlarında Rusiya çempionu adını qazanıb, Yaponiyada “Samuray qılıncı”na layiq görülüb. Rusiya mediası ona “Sibir cigiti” titulunu verib. O, 46 peşəkar döyüşü qələbəylə bitirərək Avropa ikincisi olub. 2002-ci ildə Fransada keçirilən qaydasız döyüş yarışında özündən 45 kilo ağır çəkili erməni döyüşçüsü Sergey Tevotosyanı məğlub edib. Yarışdan əvvəl döyüşçülər arasında maraqlı şərtləşmə olub. Tevotosyan qalib gələrsə pul mükafatı, Azad isə erməni döyüşçüsünün zala çiynində gətirdiyi bayrağını alıb yerə atacaq. Alır da, yerə atıb tapdalayır da.

...2009-cu il, aprelin 14-də Azadın xalası rəhmətə gedib. Xalasını yenicə torpağa tapşırıb evə qayıdan Azadı Şəki rayon Polis Şöbəsinə çağırıblar. Gedib. Dalınca polislər gəlib evdə axtarış aparıblar. Evdən üç silah tapılıb, hamısının da rəsmi sənədi olub. Amma sonradan ona dələduzluq maddəsiylə (178.3.2) cinayət işi açılıb. Və hakim ona 10 il iş kəsib. Bu gün o, 13 saylı cəzaçəkmə müəssisəsində cəzasının 7-ci ilini çəkir. Ailəlidir, 3 övladı var.

Bunları bizə Azadın anası - Hacər Maqsudi danışıb. Hələ bu ilin aprel ayında.

Bu gün Hacər müəllimə redaksiyamıza zəng edərək, Azadın işində yenilik barədə məlumat verib. Onun sözlərinə görə, hal şahidləri məhkəmədə oğlunun əleyhinə verdikləri ifadələri təkzib ediblər. Həm də yazılı.

Oğlum Sahibə Həsənovanın şikayəti əsasında həbs olunub. Şahidlər İsmayılova Bəsti Zahid qızı, Yusibova Həqiqət, Yusibov Eyvaz, Səfərova Gülxarə və Sadıqova Gülxar Əli qızı oxşar izahat yazaraq bildiriblər ki, Sahibə Həsənovanın onlara külli miqdarda borcu olduğundan onları yalançı şahidlik etməyə məcbur edib. Bu halda S. Həsənova onlara borcunu qaytaracaqmış. Zərərçəkmiş kimi tanınan Sahibə Həsənovanın qızı - Sadıqova Gülxar da anasının onları Azadın üzünə durmağa vadar edildiyini izahatında etiraf edib. Yalançı şahidlər 3 il əvvəl də məhkəməyə verdikləri ifadələrin yalan olduğunu yazılı etiraf etsələr də, məhkəmə qəbul etməyib. Çünki ərizələr notarius tərəfindən təsdiqlənməmiş olub. Bu dəfə Azadın hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov həmin şəxslərin notariusda təsdiqlənmiş izahatları əsasında Ali Məhkəməyə kassasiya şikayəti verib.

İndi Hacər müəllimə və 7 ildir ata həsrəti çəkən 3 bala Ali məhkəmənin ədalətini inanıb, atalarının yolunu gözləyirlər. Ailə Azad Məmmədovun prezident İlham Əliyevin Yeni il qabağı imzalayacağı əfv fərmanın da onun da adının olacağına ümid edirlər. /Lent.az/  

 






Fikirlər