GENERALın qohumunu KİMLƏR və NİYƏ “SINDIRIBLAR”?

isa-ezizov

Bir qrup idmançı dostu ilə yanacaqdoldurma məntəqəsinə gələrək orada operator və mühafizə xidmətlərini yerinə yetirən şəxsləri döyən İsa Əzizovun həbsxana fotoları yayılıb. Həmin fotolarda İ.Əzizovun türmənin həyətini süpürdüyü qeyd olunub.

 "AzerTaym.az" musavat.com-a istinadən bildirir ki, bu isə artıq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bunu bir “bərkgedən”in məqsədli şəkildə “sındırılması”, bunun mediaya ötürülməsi kimi qiymətləndirən də var, baş verənləri haqsızlıq adlandıran da.

Bu cür cəza növlərinin məqsədi nədir? Oğru dünyasının qaydaları, türmənin daxili nizam-intizamı, yoxsa “yuxarılardan” gələn tapşırıq?

Eks-siyasi məhbus Əvəz Zeynallı bildirdi ki, ümumiyyətlə, həbsxananın içərisində heç cür şəkil çəkmək imkanı yoxdur: “Təsəvvür edin ki, bunun üçün rəisdən də yuxarı səlahiyyət sahibi göstəriş verməlidir. Əgər İsa Əzizovun şəklini çəkiblərsə, xüsusən də iş gördüyü yerdə, bu, ciddi mesajdır, “onu sındırdıq” deməkdir. Onun ictimailəşdirilməsi isə məqsədlidir. Özü də İsa Əzizovdan daha çox, onun böyüklərinə. Onlara demək istəyirlər ki, cəmiyyətdə bu cür özbaşınalıq edənləri bu formada cəzalandıracağıq”.

Müsahibimizin sözlərinə görə, həbsdəki idealistlər, jurnalistlər o işləri görmürlər: “Onlar hətta xırdaca bir daş parçasını belə kənara atmırlar. Bura oğru dünyasının üzvləri də daxildir. Onlar da bunu etmirlər. Onu etməməyin üzündən günü zəhərə çevrilən məhbuslar olub. Türmədə əlinə süpürgə verilmək çox ciddi aşağılanmaqdır. Bunu etmədiyinə görə Qobustana göndərilən, ən ağır zona yollanan, özünü doğrayan məhbuslar olub. Bu idmançını isə xüsusi alçaldıblar. Şəklini çəkib, yayıblar. Burada söhbət Penitensiar Xidmətdən, onun arxasındakı gücün nişanəsindən gedir. Bir güc başqa gücə deyir ki, biz sizi belə sındırırıq və sındırarıq”.

Kriminal aləmə yaxın olan bir şəxs isə deyir ki, İ.Əzizovun bu şəkildə “sındırılması” yanacaqdoldurma məntəqəsində operatoru döyməsinə, yaxud başqa səbəblərə görə olmaya bilər: “Bu daha çox İsa Əzizovun daha əvvəl bir qadını döyməsi ilə bağlı ola bilər. Çünki “içəridə” də qadın döyənlərə yaxşı baxmırlar və “sındırırlar””.






Fikirlər