Bir müddət öncə Ağdam rayon sakini, Azərbaycan Ordusunun ehtiyatda olan zabiti Vasif Eyvazovun üzləşdiyi problemlə bağlı göndərdiyi iki müraciəti dərc etmişdik. Ehtiyatda olan zabit rayonun icra başçısı Raqub Məmmədovla bağlı bəzi iddialarsəsləndirmişdi.
V.Eyvazov bu dəfə Arqument.Az-a icra başçısı ilə bağlı yazdığı yazını təqdim edib. O, icra başçısı Raqub Məmmədovun onu məhkəməyə verdiyini, lakin ona qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu bildirib.
V.Eyvazovun yazısını olduğu kimi təqdim edirik:
Səhv düşəndə yerimiz...
22 yanvar 2016-cı ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuş Məmmədov Raqub Allahverdi oğlu məhkəməyə şikayət ərizəsiylə muraciət edib. Bu ərizədə Məmmədov Raqub mənim ona böhtan atdığımı, şərəf və ləyaqətini ləkələdiyimi və onu nüfuzdan salan, həqiqətəuyğun olmayan məlumatları yaymaqda suçlayır və "Eyvazov Vasif Əliabbas oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarasınız" deyə xahiş edir. Forma və məzmunun vəhdəti və ziddiyyətləri barədə filosoflar min illərdir mübahisə edirlər. Lakin Məmmədov Raqubun bu ərizəsində nə forma nə də məzmun heç bir halda ən aşağı tələblərə belə uyğun deyildir.
Gəlin formadan başlayaq.
Məmmədov Raqub Allahverdi oğlunun şikayət ərizəsi nədənsə Ağdam RİH-nin başçısının rəsmi gerbli blankında yazılmışdır. Hələ bu azmış kimi, həmin şikayət ərizəsinə İcra Hakimiyyətinin dəftərxanasında qeydiyyat şıxış nömrəsi qoyulmuşdur, ərizə Ağdam RİH-nin başçısı Raqub Məmmədov tərəfindən imzalanmışdır, ərizənin mətnində "zərərçəkmiş şəxs" sözlərindən sonra yenə " Ağdam RİH-nin başçısı " yazılmışdır.
Görünür, Məmmədov Raqub bu ərizəni yazanda hələ özü üçün tam aydınlaşdırmayıb ki, mən kimə böhtan atıb şərəf və ləyaqətini ləkələmişəm - Məmmədov Raquba, yoxsa Ağdam RİH-nin başçısına. Yəqin, nə vaxtsa o bu suala cavab tapacaq, ancaq bəri başdan dəqiq bilməlidir ki, Azərbaycan qanunvericiliyində, milli mentalitetimizdə şərəf, ləyaqət və bu kimi xüsusiyyətlər yalnız insana aid edilir. Əgər başqa cür olsaydı İcra Hakimiyyətinin möhürü, başcının vəsiqəsi və kabinetinin açarı ilə birlikdə ona bəlkə qızıl mücrüdə, bəlkə, xurustal şüşədə bir zad da verib deyərdilər ki, "Bax ha, Məmmədov, bu icra başçısının şərəf və ləyaqətidir, göz bəbəyin kimi qoru, imkan vermə kimsə bunu ləkələsin!". Sonra da məcbur edərdilər ki, xüsusi cədvəldə imza atsın: "1 ədəd şərəf və 1 ədəd ləyaqəti təhvil aldım".
Məntiqə görə belə çıxır ki, Məmmədov Raqub öz adından, yəni Azərbaycan Respublikasının vətəndaşı kimi yazmalı idi bu şikayəti. Onda daha bir sual yaranır: Məmmədov Raqub nə ixtiyarla Ağdam RİH-nin başçısına məxsus gerbli blankdan istifadə edib, hansı əsasla onun şəxsi yazışması dövlət orqanının dəftərxanasında qeydiyyata salınıb?
Keçək məzmuna.
Yuxarıda qeyd etdiyim kimi Məmmədov Raqub "Eyvazov Vasif Əliabbas oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinib cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarasınız" deyə məhkəmədən xahiş edib. Bu xahişdə çox incə bir pisixoloji məqam əksini tapıb. Məmmədov Raqub ya ona böhtan atılmadığını, şərəf və ləyaqətinin ləkələnmədiyini, nüfuzunun aşağı salınmadığını (Mən nə vaxt onun nüfuzu oldugunu demişəm ki, indi də aşağı salam?) özü də yaxşı bilir, ya da o qədər qəzəbnak olub ki, artıq mənim barəmdə ittiham hökmü çıxarılmasından başqa bir şeydə maraqlı deyil.
Yəqin fikir vermisiniz: Məmmədov Raqub məndən nə üzürxaqlıq tələb edir, nə də böhtan, yalan məlumatların təkzibini istəyir. Onu yalnız mənim cəzalandırılmağım maraqlandırır. Görəsən niyə? Axı elə bir gün olmaz ki, Məmmədov Raqubdan, onun rəhbərlik etdiyi rayondakı rüşvətxorluq, özbaşınalıq, korrupsiya hallarından ürəkbulandırıcı məlumatlar yazılmasın, videoçarxlar yerləşdirilməsin. Doğurdanmı, bu çoxsəsli xorun içində təkcə mənim dediklərim böhtan kimi səslənir?
Məmmədov Raqubun "... sabiq MTN şefi Eldar Mahmudovun guya dəstəyi və yüksək qayğısı ilə Ağdam rayon İucra Hakimiyyətinin başcısı təyin edilmişəm ...” - iddiası təəccüb doğuran və gülünc iddiadır. Əgər Məmmədov Raqub israr edirsə ki, o, rayon İH başçısı təyin edilməmişdən əvvəl onun heç bir sənədinə baxılmayıb, bilavasitə rəhbərinin rəyi soruşulmayıb və ya onun şəxsi işində MTN sabiq rəhbəri Eldar Mahmudov tərəfindən verilmiş hər hansı cəza növü olub, Eldar Mahmudov onu rəhbərliyə yararsız, keçmişi şübhəli, gələcəyi müəmmalı bir şəxs kimi xarakterizə edib onda mən doğurdan da böhtan atmış olaram.
Raqub Məmmədovu məhz Eldar Mahmudovun Tərtər rayonunda MTN-nin rayon şöbəsinə rəhbər təyin etdiyi, ona polkovnik rütbəsi verdiyi təkzibolunmaz faktdır. İşlədiyi muddət ərzində Raqub Məmmədovu bağban gülü bəsləyən kimi bəsləyib kadır kimi böyüdən, icra başçısı kimi mötəbər və yüksək bir vəzifəyə təyin olunarkən gözəl xasiyyətnamə verən Eldar Mahmudov bundan artıq hansı qayğını göstərməli, dəstək verməli idi ki, Raqub Məmmədov bu sözləri böhtan saymasın...
Yaxşılığı unudan adama bizim tərəflərdə nankor deyirlər, yəni çörəyi itirən...
Ən qəribə və ən gülünc iddia isə budur: "Həmçinin məlumatda göstərilir ki, mən Məhkəmə qərarını yerinə yetirmirəm,...”.
Ay kişilər, bu meydan, bu da şeytan, mən ortaya məhkəmə qərarını, onun dəfələrlə icra edilməsi üçün Ağdam RİH-nə göndərildiyi haqqında məktubları, İcra Hakimiyyətinin sanki kopya edilmiş eyni məzmunlu əsassız cavablarını və nəhayət, məhkəmənin qərarı məcburi icraya yönləndirilməsi haqqında qərardadını qoyuram. Bəs Məmmədov Raqub ortaya nə qoyur?
Əlqərəz, şikayətə etirazımı yazıb məhkəməyə göndərdim. 8 fevral 2016-cı ildə məhkəmə şikayətçinin iki dəfə məhkəmə iclasına gəlmədiyini nəzərə alaraq ərizəni qəbul etməkdən imtina etdi. Yəqin ki, Məmmədov Raqubun öz şərəf və ləyaqətini qorumaqdan daha vacib işi olub...
Vacib iş dedim, bir ağdamlının bu yaxınlarda danışdığı əhvalat yadıma düşdü:
Deyir, fevralın 5-də Eyvazlı-Quzanlı yolunda böyük txac yaranmışdı. Kənd yollarında görünməmiş bu izdihamlı tıxacda qalan sürücülər onu yaradanı lazımı sözlərlə yada sala-sala gəlib yaxınlaşanda nə görsələr yaxşıdır? Sən demə Ağdam RİH-nin başçısı Raqub Məmmədov yolun kənarında aparılan abadlıq işlərinə şəxsən başçılıq edirmiş. Elə bilməyin ki, o da başqaları kimi əlində bel, dırmıq iş görürmüş, yox, o nədənsə yolun düz ortasında dayanıb müavinləri ilə söhbət edirmiş. Bəli, burada şərhə ehtiyac yoxdur, yol qırağının abadlaşdırılması MKİS-in nəzarətşisinin səviyyəsidir, başçının yox.
Burada böyük şairimiz Qabilin ölməz sətirləri yada düşür:
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür Talışa,
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər,
Qızılgül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz
P.S. Məmmədov Raqub, əziyyət və zəhmət çəkin, mənim mənzilimi verin, mən haqqımı istəyirəm və indi istəyirəm, rüşvət verib vəzifə istəmirəm ki, gözləyəm nə vaxt kefinizə düşsə verəsiniz!
Ehtiyatda olan zabit Vasif Eyvazov"
Zabitin yazısındakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Arqument.Az