Hesablama Palatasının üzvlərinə yeni TƏLƏBLƏR - Yüksək VƏZİFƏ tutanlarla QOHUM OLA bilməzlər
Hesablama Palatasının üzvləri Prezident, Baş nazir, Milli Məclisinin sədri, Konstitusiya Məhkəməsinin sədri , Ali Məhkəmənin sədri, Baş prokuror, Mərkəzi Bankının İdarə Heyətinin sədri və müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri ilə yaxın qohumluq əlaqəsində ola bilməz. Qanun layihəsinin 12-ci maddəsində (Hesablama Palatasının üzvlərinə dair tələblər) göstərilib ki, Hesablama Palatasının üzvləri Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin sədri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri ilə, habelə bir-biriləri ilə yaxın qohumluq əlaqəsində ola bilməzlər. Qeyd edək ki, hazırda qüvvədə olan “Hesablama Palatası haqqında” qanunun 7-ci maddəsində (Hesablama Palatasının üzvlərinə dair əlavə tələblər) göstərilib ki, Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və Mərkəzi Bankının sədri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər. Yeni qanun layihəsinin Milli Məclisin növbəti plenar iclasında II oxunuşda müzakirə ediləcəyi gözlənilir.
Modern.az-ın məlumatına görə, bu barədə “Hesablama Palatası haqqında” yeni qanun layihəsində qeyd edilib.