Tanrıverdi Mustafayev: “Baş verənlər heç də YAZILDIGI KİMİ DEYİL...”

Cənub bölgəsində bir neçə gündür ki, “Azərişıq” ASC-nin əməkdaşları ilə vətəndaşlar arasında problem yaşanır. Hətta problem o həddə gəlib çatıb ki, vətəndaşlar quruma məxsus avtomobili yandırıblar.

Xəbər verildiyi kimi, hadisə Lənkəranın Liman şəhəri, H. Aslanov küçəsində baş verib. Məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə yerli sakinlər arasında mübahisə yaranıb. Mübahisə zamanı bir qrup şəxs avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.Bu hadisənin ardınca məlumat yayıldı ki, Astara rayonunda 2 uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb. Hadisə rayonun Ərçivan kəndində qeydə alınıb. Bildirilir ki, yaranan borcla əlaqədar elektrik şəbəkəsinin əməkdaşları Anar Mürşüdovun yaşadığı evin enerjisini kəsiblər. 40 yaşlı Anar Mürşüdov işdən gəldikdə evdə elektrikin olmadığını görüb və kəsilən elektrik naqilini özü birləşdirmək üçün elektrik dirəyinə çıxıb. Orada da onu yüksək gərginlikli elektrik cərəyanı vurub.

Bəs cənub bölgəsində yaşanan bu problemlərin səbəbi nədir? “Yeni Müsavat”a danışan “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, əslində baş verənlər heç də yazıldığı kimi deyil: “Əvvəla, bayram günlərində hər zaman olduğu kimi gücləndirilmiş iş rejimində çalışacağıq. Onsuz da bizim qurum bayramdan asılı olmayaraq elə hər gün gücləndirilmiş iş rejimindədir. Bayram günlərində də eyni templə davam edəcəyik. Bunun üçün bütün mexanizmlərimiz hazır vəziyyətdədir.

Cənub bölgəsində baş verənlərə gəlincə, onu deyim ki, Lənkərandakı hadisə artıq öz həllini tapıb. Avtomobili yandıran şəxs borcunu ödəyib, səhvini də başa düşüb. Hazırda avtomobili təmir edirlər. Əslində orada heç bir ciddi problem yox idi. Əməkdaşlarımız həmin əraziyə elektrik xətlərinin təmiri və borclu abonentlərə elektrik enerjisinin təchizatının dayandırılması üçün göndərilmişdi. Onlar işlərini bitirib nahar edən zaman 2015-ci ildən qalan borcunu ödəməyən bir abonent küçədə dayanmış avtomobilə od vurmuşdu. Bununla belə, ”Azərişıq" ASC abonentə qarşı heç bir iddia qaldırmayıb. Çünki adamlar öz səhvlərini başa düşüblər".

T. Mustafayevin sözlərinə görə, hazırda Astara rayonundadır və orada ucqar bir kəndi elektrik enerjisi ilə təmin edirlər:Elə cənub bölgəsində olduğum üçün sizə dəqiq məlumatlar verim ki, burada çox az sayda əhalinin borcu var. Borclu olanlar da yavaş-yavaş ödəyirlər. ”Azərişıq" ASC fəaliyyətə başladıqdan sonra hər ay borclar 5-10 faiz artıqlaması ilə ödənilir. Artıq köhnə xətlər dəyişdirilib, yeni transformatorlar quraşdırılıb. Eyni zamanda hər bir abonentimiz fərdi qaydada sayğacla təmin edilib. Əhali yüksək səviyyədə elektrik enerjisi ilə təmin olunur və bunun da əsasında abonent elektrik haqqını vaxtı-vaxtında ödəyir. Astara ilə bağlı yayılan xəbərə də aydınlıq gətirərək qeyd edim ki, həmin abonentin heç də borcu olmayıb və onun elektrik xəttini heç kim kəsməyib. Bu kimi xəbər yazanlar məsələni zəng edib, məndən dəqiqləşdirməyiblər. Çox maraqlıdır ki, o, nə üçün elektrik dirəyinə çıxıb. Bu, bizə də aydın deyil. Çünki abonentin elektrik xətti qeyd etdiyim kimi, kəsilməyib və hər ay da borcunu ödəyib. Hətta həmin günü də 20 manat pul ödəmişdi. Belə olan halda elektrik xəttini niyə kəsməliyik ki? Əksinə, bu cür abonentlərə öz təşəkkürümüzü bildiririk ki, nizamlı qayda da borcunu ödəyir. Ümumiyyətlə, abonentin borcu olsa belə, elektrik xəttini kəsmirik. Bunda maraqlı deyilik".

T. Mustafayev Astarada gördükləri işlər barəsində də danışdı: “Astaranın ucqar Şəvqo kəndindəyik. Bura elə bir yerdir ki, gərək vertolyotla gələsən. Belə bir yeri elektrik enerjisi ilə təmin edirik. 300-ə yaxın əhali yaşayır. Orada yeni transformator qoymuşuq və abonentlərin hər biri sayğacla təmin olunub. 3 kilometr uzunluğunda elektrik enerjisi xətti, 5 kilometr də 0.4 kilovoltluq özünüdaşıyan izolyasiyalı kabellər çəkilib, dəmir dayaqlar basdırılıb. Artıq bu gün (dünən -red.) ora gərginlik verilir. Qurban bayramı ərəfəsində kənd əhalisinin bayramını qoyunlar kəsərək də təbrik etdik. Bütün bunlar möhtərəm prezidentimizin göstərişi əsasında həyata keçirilir. O, özü birbaşa göstəriş vermişdi ki, bütün kəndlər elektrik enerjisi ilə təmin olunsun. Bu işlər 2 ay müddətində görülüb, yekunlaşdırılıb. Əhalinin də fikirləri bu işlə bağlı müsbətdir və cənab prezidentə təşəkkür edirlər”.






Fikirlər