14.03.2014. - MOSKVA UNİVERMAĞI da belə YANDI
Hazırda mağaza sahibləri ticarət mərkəzinin arxasına toplaşıb. Sahibkarlar mağazalarına keçmək istəsə də polis icazə vermir. Bu barədə hazırda hadisə yerində olan müxbirimiz bildirir.
Onun sözlərinə görə, FHN əməkdaşları isə satıcılara bildirdi ki, bu gün ticarət mərkəzinə heç kim buraxılmayacaq. Lakin sahibkarlardan bir neçəsi mağazalara baxmaq üçün içəri buraxılıb. Mağazalara baxan sahibkarlar deyir ki, mallara ciddi ziyan dəyməyib. Mallar əsasən yanğınsöndürən maşınların vurduğu təzyiqli sudan və tüstüdən ziyan görüb. Mağazaya girmək istəyən sahibkarlarla polislər arasında gərginlik yaşanıb.
* * * 09:58
Yanğının səbəbləri də bilinib. Bu gün səhər saatlarında "Moskva" univermağında başlayan yanğına səbəb eskalator olub. Məlumata görə, yanğın hadisəsi ticarət mərkəzinin 1-ci mərtəbəsindəki eskalatorun yanından başlayıb. Bundan sonra alov böyüyərək ətrafdakı mağazaları da əhatə edib.
Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın məhdudlaşdırılıb. İlkin məlumata əsasən 1 ədəd eskalatorun yanar hissələri yanıb.
* * * 09:42
AzerTaym.az saytı bildirir ki, hadisə yerindən verilən məlumata görə yanğın saat 09:15-dən etibarən lokallaşdırılıb, az sonra isə tam söndürülüb.
FHN briqadaları hazırda yanğın və tüstülənmə ocaqlarını söndürməklə məşğuldur. Əməkdaşımız bildirir ki, yamğın xəbəri univermaqda dükanları olan xeyli sahibkarın ora axışmasına səbəb olub. Yanğının səbəblərinə gəlincə isə bu haqda hələlik heç bir əlavə versiya yoxdur.
* * * 09:17
Bakı şəhəri , Nəsimi rayonu,3-cü mikrorayon ərazisindəki iri ticarət mərkəzlərinin birində güclü yanğın başlayıb.
Hadisə “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Moskva" univermağı adlanan ticarət mərkəzində baş verib.
Hadisə şahidlərinin ANS TV-yə verdiyi məlumata görə, yanğın əsasən gəlin paltarları və ümumilikdə trikotaj məhsullarının olduğu mərtəbədə baş verib. Hadisə yerinə FHN dövlət yanğından mühafizə briqadalarının 4 yanğınsöndürən maşını və 2 təcili yardım cəlb olunub.
İlkin ehtimala görə, yanğının elektrik qısaqapanması səbəbindən baş verdiyi güman olunur. Hadisə səhər saatlarında baş verdiyindən yanğın nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, iki gün əvvəl "Sahil" metrostansiyasının üstündə olan "Sahil" ticarət mərkəzində də yanğın baş vermişdi.