Hər dəfə Bakıda güclü yağış yağanda paytaxt qəribə bir məkana çevrilir. Kanalizasiya suları yağışla asfaltda qovuşur, şəhərdə ağlasığmaz tıxac olur, küçələr isə, baydarkalarla üzmək mümkün olan səs-küylü dağ çaylarına çevrilir. Bu zaman şəhər infrastrukturunun fasiləsiz işinə cavabdehlik daşıyan əksər xidmətlər təlaşla müxtəlif bəraətlər düşünməyə başlayırlar. Bunlardan ən geniş yayılanı artıq əfsanəyə çevrilib: “normadan artıq düşən yağıntı”…
Bu normanı kim təyin edib, niyə adi bir yağış bu normadan artıq sayılır, hələ də müəmma olaraq qalıb.
Bu gün səhər bir neçə xidmət qurumu eyni anda “sevindirdi” – onlardan biri də Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzidir.
Yağış sularının hakim kəsildiyi şəhərə nəzərdə tutulmuş səfəri planlaşdırmaq üçün şəhər intellektual sisteminin rəsmi internet səhifəsinə və mobil tətbiqetməsinə (http://niim.az) müraciət etdik.
Təəccübümüzə rəğmən intellektual sistemin internet səhifəsinin işləmədiyinin şahidi olduq. Alternativ yollar axtardığımız üçün nə vaxtsa NİİM-in məsləhətinə əsasən yüklədiyimiz “Baku İTS” mobil tətbiqetməsinə müraciə etdik və şəhərdə tıxac olmadığını aşkar etdik.
Yol polisinin şəhər küçələrində çoxsaylı basırıqlar olduğu barədə verdiyi məlumata baxmayaraq tətbiqetmədə şəhərdə heç bir tıxac olmadığı göstərilmişdi.
Yol polisini də qoyaq kənara, “Facebook” sosial şəbəkəsində səhər açılandan bütün şəhərin tıxac içində olduğu yazılır.
Yüksək texnologiya əsrində intellektual sistemin bütün şəhərdə beş metr hündürlükdə asılmış, bizə xoş yol arzulayan və sürət rejiminə riayət edilməsinin zəruriliyini xatırladan tablo olduğunu görmək çox təəccüblüdür.
O tablolar ki, bir müddət öncəyə qədər yağışdan tutmuş qara qədər, bağlı olan yollardan qəzalara qədər bizə məlumat verir, hərəkət istiqamətimizi seçməkdə yol yoldaşımıza çevrilmişdi. İndi isə Bakıda yollar həmişə açıq, hava isə göz dəyməsin, həmişə günəşlidir.
Həmçinin intellektual sistem başqa məqsədlər üçün, sürücülərin həyatını asanlaşdırmaq, bir tərəfdən trafiki bir mərkəzdən idarə etmək, digər tərəfdən isə sürücülərə daha optimal marşrutları xəbər vermək üçün qurulmuşdu. Bütün bu işlər nəticədə şəhər yol infrastrukturunun yükünü düzgün bölüşdürmək üçün kömək etməli idi.
Məlum olduğu kimi, bu məqsədlə, şəhərdə yüz, bəlkə də minlərlə km kabel çəkilib, çoxsaylı ötürücü və qurğular, videomüşahidə sistemi qurulub. Bu isə sinir sistemi kimi, yollarda vəziyyət barədə dəqiq məlumat almağa və onu idarə etməyə kömək etməli idi, necə ki, bir müddət öncə edirdi.
Bundan başqa təcrübə göstərir ki, yol polisi əməkdaşlarının müdaxiləsi olmadan bizim intellektual sistem işləyə bilməz.
Bəs NİİM-in bu tabloları niyə yalan göstərir?
Biz artıq vərdiş etmişik ki, digər böyük şəhərlərdən fərqli olaraq Bakıda normal naviqasiya sistemi yoxdur. Bu sistemi avtomobilə installasiya etmək olardı (bu günə qədər də bizə əlavə ekran almaq təklif eidlir).
Görəsən, bundan öncə normal işləyən NİİM internet saytı və mobil tətbiqetməsi indi niyə işləmir? NİİM Nəqliyyat Nazirliyinin nəzdindən çıxarılıb Bakı Nəqliyyat Agentliyinə veriləndə əksər insanlar düşündü ki, sistem yəqin bundan sonra daha yaxşı işləyəcək. Ancaq görünən budur ki, tam əksi oldu.
Sayt işləmir, mobil tətbiqeetmə yenilənmir, şəhərdəki tablolar yolun açıq və havanın isə günəşli olduğunu göstərir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sözün əsl mənasında niyə işləmir? Əgər yalnış informasiyalar verəcəksə bu tablolar bizim nəyimizə lazımdır? Ümumiyyətlə isə saytı, mobil tətbiqetməsi, sistemi işləməyəcəksə NİİM nəyə lazımdır? İşləyən bir sistem birdən birə niyə yaramaz bir hala düşdü?
Ritorik suallardır. Biz yuxarıda sadalanan problemlərin həll ediləcəyinə ümid etmirik artıq. Çünki qısa müddət öncə yaranmış işlək bir qurum indi insanların əsəblərini korlayırsa necə ümidli olaq?
P.S. “Google”un “Maps” adlanan tətbiqetməsi “Baku İTS” tətbiqetməsindən yollardakı vəziyyəti daha dəqiq göstərir.