“Zati-alilərinizdən mərhəmət üçün xahiş, dua, yalvarış edirəm” – 27 il həbs alan DEPUTAT OGLU

A752871A-EACF-4975-9AB2-D1BCC997352E_w1023_r1_s

Rusiya vətəndaşı Roman Seleznyov kredit kartlarına aid informasiyaların oğurlanması məqsədilə ABŞ bizneslərinə haker müdaxiləsi etdiyinə görə Sietl məhkəməsi tərəfindən 27 il müddətinə azadlıqdan məhrum edilib.

Azadlıq radiosu yazır ki, məhkəmə hökmündə ondan həmçinin oğurlanmış 170 milyon dollar pulu ödəməsi tələb olunur.
ABŞ sahə məhkəməsinin hakimi Richard Jones aprelin 21-də Roman Seleznyovun hökmünü oxuyarkən deyib ki, bu şəxsi cinayətə sürükləyən “yeganə məqsəd tamah olub”.

Məhkum olunmuş şəxs Rusiya Dövlət Dumasının deputatı Valeri Seleznyovun oğludur.
Rusiya Liberal-Demokrat Partiyasının üzvü Valery Seleznyov ABŞ-ın qatı tənqidçisi hesab olunur.

Məhkum edilməzdən əvvəl Seleznyov ona mərhəmət göstərilməsini xahiş edərək hakimə müraciət edib: “Zati-alilərinizdən mərhəmət üçün xahiş, dua, yalvarış edirəm”.
Sietl münsiflər məhkəməsi 2016-cı ilin avqustunda Seleznyovun 38 ittiham üzrə təqsirli olduğu barədə qərar qəbul etmişdi. Bu ittihamlarla onu 34 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyirdi.

Federal prokurorlar Seleznyovu biznes və restoranlara haker müdaxiləsi etmək və kredit kartlarına aid məlumatları gizli internet forumlarında satmaqla milyonlarla dollar qazanmaqda ittiham edirdilər.
Roman Seleznyov yerli polisin dəstəyi ilə ABŞ Məxfi Xidməti tərəfindən Maldiv hava limanında həbs edilib.

O birgə yaşadığı sevgilisi ilə Rusiyaya qayıdırdı.
Seleznyovun vəkili İqor Litvak müştərisinin öz təqsirini etiraf etdiyini deyib. Lakin vəkil hökm oxunduqdan sonra verilmiş cəzanın ədalətsiz olduğunu bildirib.
O deyib ki, Seleznyov ABŞ və Rusiya arasında davam edən siyasi gərginliyin qurbanı olub.
Seleznyov məhkəmədən sonra yaydığı bəyanatda bildirib ki, qərar bütün dünyaya “mənim siyasi məhbus olduğumu nümayiş etdirdi”.

Rusiya telekanalları Seleznyovun qanunsuz həbs olunduğunu və ABŞ xüsusi xidmətləri tərəfindən faktiki olaraq oğurlandığını bildirirlər.

 






Fikirlər