Gülməli görüntüləri yayılan azərbaycanlı biznesmen danışdı (FOTO)
Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sabiq prezidenti, Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin rəhbəri Söyün Sadıqov rəqs etməsini əks etdirən videonun sosial şəbəkələrdə yayımlanmasına münasibət bildirib. "AzerTaym.az" xəbər verir ki, S.Sadıqov ölkə.az-a açıqlamasında sözügedən videonun bağ evində çəkildiyini deyib: “Mənim Saşa adlı bir xaxol dostum var. Onunla bir yerdə Ukrayna mahnısına oynayırdıq”. S.Sadıqov sözügedən internetdə yayaraq, məsxərəyə qoyan adamları “başdan kəm” adlandırıb: “O videoda pis və lağ olunası nə var? Dostlarla oynamaq nə zamandan qəbahət sayılıb? Hər kəs rəqs edir. Belə şeylərə fikir vermək lazım deyil. Ağıllı və normal insanlar buna diqqət ayırmaz. Mən onu yayan insanları başdan kəm hesab edirəm. Bu cür axmaqlara fikir vermək lazım deyil”. S.Sadıqov qeyd edib ki, ona qarşı bu cür hərəkətlər məqsədli şəkildə də həyata keçirilə bilər: “Mən bu yaxınlarda sizə Ümumrusiya Azərbaycan Konqresinin bağlanması ilə bağlı müsahibələr vermişəm. Mənim bu fikirlərim bəzi adamların xoşuna gəlmir, ona görə də əleyhimə bu cür ucuz kampaniyalar aparırlar. Ancaq bu cür adamlara nə qədər cavab verməsək, bir o qədər onlar özlərindən iyrənəcəklər”. Xatırladaq ki, Söyün Sadıqovun rəqs etməsini əks etdirən videosunun sosial şəbəkələrdə yayılması bir çox insanlar tərəfindən birmənalı qarşılanmayıb.