General Hilal Əsədov 8-ci kilometr bazarını necə yağmaladıqlarını AÇIQLADI
Məhkəmədə ifadə verən sabiq MTN şefinin müavini qanunsuz işlərin başında nazirin durduğuna işarə etdi; o, məhkəmədə zərərçəkmişin suallarını cavablandıra bilmədi Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin - polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə proses davam edir. Məhkəmədə artıq neçə prosesdir ki, “Vosmoy” bazarı epizodu üzrə araşdırma aparılır. İyunun 7-də keçirilən prosesdə sabiq nazir Eldar Mahmudovun müavini olmuş general Hilal Əsədov da məhkəməyə gəlib. Prosesdə şahid qismində ifadə verən Hilal Əsədov məhkəmə binasından çıxarkən jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Mühafizəçisi və vəkili ilə məhkəmə binasından çıxan Hilal Əsədov iti addımlarla onu gözləyən maşına minərək uzaqlaşıb. Prosesdə H.Əsədov “Vosmoy” bazarına necə sahiblənməsi haqda ifadə verib. Bu epizod üzrə zərərçəkmiş kimi Cəfər Salmanov tanınıb. O deyib ki, bazar Akif Çovdarov və Hilal Əsədov tərəfindən əlindən alınıb. Bazarın indi də sahibləri Akif Çovdarov və Hilal Əsədovdur. H.Əsədov məhkəmədə deyib ki, hazırda işsizdir, təqaüddədir. O, sərbəst ifadəsinə 2004-cü ildə MTN-də işə başlaması, nazirlikdə ilk vəzifəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsində müşavir olması haqda məlumat verməklə başlayıb. Hakim sabiq nazir müavininə həddən ziyadə aşağı səslə ifadə verməsini irad tutub, bir qədər ucadan çıxış etməsini istəyib. H.Əsədov faktiki olaraq ibtidai istintaq zamanı yazılan ifadəni məhkəmədə yenidən səsləndirib. Həmin ifadə mətbuatda dəfələrlə dərc olunub. H.Əsədovun həmin ifadəsinə görə Eldar Mahmudovun şifahi tapşırığı ilə 2005-2009-cu illərdə nazirliyin Antiterror Mərkəzinə, 2011-ci ildən sonra həm də Əks-kəşfiyyat Baş İdarəsinin işlərinə nəzarət edib. O, nəzarətində olan idarə və mərkəzin fəaliyyəti çərçivəsində tədbirləri, məlumatları Eldar Mahmudova məruzə edib. Sabiq nazir müavini “Vosmoy” bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə dindirilərkən zərərçəkmişləri tanımadığını deyib. Sitat: “Onların sabiq iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyevin yaxın adamları olduğunu bilirdim. 2005-ci il idi. Akif Çovdarov yanıma gəldi. Dedi, Çingiz Əsədov adlı şəxs Səfərov qardaşlarından şikayət edir. Ç.Əsədov bildirmişdi ki, Səfərov qardaşları 2002-ci ildə zorla Naxçıvanski küçəsi 50-də yerləşən meyvə-tərəvəz bazarını onun əlindən alıblar. Ona hədə-qorxu gəliblər, qardaşını oğurlayıblar. Həmin zaman Səfərov qardaşlarının sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim. Fərhad Əliyev onda yenicə həbs edilmişdi, barəsində cinayət işi istintaq olunurdu”. Əsədov əlavə edib ki, zərərçəkmiş Səfərov qardaşları əməllərini səmimi şəkildə Akif Çovdarova etiraf ediblər: “Çovdarov o zaman Antiterror Mərkəzinin 1-ci idarəsinin 1-ci şöbəsinin rəisi idi. O, gördüyü işlərlə bağlı mənə məruzə edirdi. Çovdarov Səfərov qardaşlarını dindirmişdi, onlar elədikləri əməlləri səmimi şəkildə etiraf etmişdi. Çingiz Əsədovun isə Səfərov qardaşları barəsində rəsmi şikayət edib, onları həbs etdirmək niyyəti yox idi. O, yalnız bazarın geri qaytarılmasını istəyirdi. Mən bunların hamısını Eldar Mahmudova məruzə elədim. Nazir məsələnin ciddi araşdırılmasını istəmişdi”. Sabiq nazir müavini bir müddət sonra Səfərov qardaşları ilə Çingiz Əsədov arasında razılıq yarandığını da deyib: “Çovdarovun otağında Səfərov qardaşlarından biri Çingiz Əsədovla bazarın geri qaytarılması barədə razılaşıb. Mən nə Çingizi, nə də Səfərov qardaşlarını tanıyırdım. Bu məsələ ilə bağlı Çovdarov mənə gündəlik məruzə edirdi. Məruzələrdən sonra mənə məlum oldu ki, müəyyən məbləğ ödənildikdən sonra Səfərov qardaşları bazarı yenidən Çingiz Əsədova satıblar. Bu məsələlərdən sonra bazar Çingizə qaytarılıb”. H.Əsədov qeyd edib ki, bu söhbətlərdən iki-üç həftə sonra Çingiz Əsədov bazarı satmaq istəyib: “Akif zəng edib, bu barədə mənə məlumat verdi. Çovdarova dedim ki, bu məsələni mütləq Eldar Mahmudova məruzə edəcəyəm. Nazirin yanına getdim, bu barədə məlumat verdim. Eldar Mahmudov bir neçə günə cavab verəcəyini dedi. İki gün sonra nazir razılıq verdi. Eldar Mahmudov dedi ki, halallıqla bazarı alın. Bütün işlər Çovdarova tapşırıldı. Payım olsun deyə qayınatam Ənvər Məmmədova bazarın yarısını almağı təklif etdim. Digər yarısını isə Çovdarovun özü həll edəcəkdi. 70 min dollar qayınatama verdim, qalan pulu özü düzəltdi. Bazarın alınmasında rolum ancaq Ənvər Məmmədova pul verməyim olub. Bütün sənədləşdirmə işləri Akif Çovdarov və qayınatam tərəfindən aparılıb. Bazar qayınatam və Akif Çovdarovun yaxın adamı Elşən Hüseynova satıldı. Onların hər biri bazarda 50 faiz paya sahib oldular. Bazarı hazırda elə Elşən Hüseynov işlədir. 2012-ci ildə qayınatam özünə düşən payı yoldaşım Nüşabəyə verib. Bazarın alqı-satqısı, ada keçirilməsi 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində oldu. Bunların heç birində mən iştirak etməmişəm. Hər ay Ənvər Məmmədov Nüşabəyə 15-20 min dollar pul verirdi”. O əlavə edib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə Akif Çovdarovun qızı Aida Qasımovanın adınadır. H.Əsədov sərbəst ifadəsini yekunlaşdırandan sonra zərərçəkən Cəfər Salmanovun suallarını cavablandırmalı olub. C.Salmanov suallar verərkən H.Əsədovun məhkəmədəki ifadəsinə istinad edib: - Əməliyyat-təhqiqat idarəsinə məsələni araşdırmalarını tapşırdım. Rəisə tapşırıq vermişdim ki, məruzə etsin. - Bəs rəis sizə nə məruzə etdi? Barəmdə hansı tədbir görüldü? - Mənə göstəriş gəlmişdi ki, bunları buraxaq, buraxdıq. - Bizi Fərhad Əliyevin, Rafiq Əliyevin adamları kimi qələmə verirdiz, həmin vaxt Fərhad Əliyev də, Rafiq Əliyev də həbsdə idilər. MTN-in “podvalı”nda idilər. Bizi də onların adamı kimi şərləmişdiz. O adamlar da içəridə. Belə bir vəziyyətdə sizə kim tapşırıq verdi ki, bizi buraxdılar? ... - Deyirsiniz ki, işdə Fərhad Əliyevin, Rafiq Əliyevin adı vardı deyə ərizəni şəxsi nəzarətə götürdüm. Bazarla bağlı iş materiallarında Fərhad Əliyevin, Rafiq Əliyevin hər hansı bir ifadəsi, izahatı var? -... - Bizi Fərhad Əliyevin adamları kimi təqdim edib bazarı əlimizdən aldınız. Bəs Fərhad Əliyevin çoxcildli cinayət işində bazarla bağlı epizod olub? - ...
Hilal Əsədov bazarın Akif Çovdarov tərəfindən zorla alınmasından xəbərsiz olduğunu deyib. H.Əsədov məhkəmədə istintaqa verdiyi ifadəsini təsdiq edib.
- Deyirsiniz ki, biz Səfərov qardaşlarını Çingiz Əsədovun şikayəti əsasında MTN-ə gətiriblər. Onun qardaşını biz oğurlamışıq. Bəs siz vəzifəli şəxs olaraq adam oğurlayan, bazarı zorla sahiblərindən alan şəxslər barəsində hansı tədbirlər gördünüz?