Hacı İbrahim: “Oğrulanan 135 min hələ də qaytarılmayıb”
““Avesta” konsernindən soyğunçuluq yolu ilə ələ keçirilən 135 min manat hələ də geri qaytarılmayıb. Oğurluqda iştirak edən 7 nəfərlik dəstənin üzvləri polis tərəfindən yaxalansa da sözügedən məbləğ hələ də konsernin kassasına verilməyib”. Bu haqda “Avesta” konsernin rəhbəri, məşhur iş adamı Hacı İbrahim Nehrəmli dekabrın 9-da musavat.com-a açıqlamasında bildirib. Saxlananların bu gün məhkəməsinin olacağını deyən iş adamı hər şeyin bundan sonra aydınlaşacağını söyləyib.
“Bu hadisəylə bağlı istintaqa ifadə vermisinizmi” sualına o, “mənlik bir şey yoxdur. Gəlib kassadan pulu aparıblar. Mən niyə istintaqa cəlb olunmalıyam” - cavabını verib.
Hacı İbrahim oğruların pulu polisə qaytarması ilə bağlı səsləndirdikləri fikrə də münasibət bildirib: “Oğrular deyiblər ki, pulların yerini deyəcəyik. Prosesi izləyirəm, yeniliklər bu qədərdir”.
Qeyd edək ki, Hacı İbrahim bundan öncəki açıqlamasında məsələ ilə bağlı polisin davranışından narazı qaldığını bildirmişdi: “Oğrular deyiblər ki, oğurladıqları pulun 95 minini polislərə veriblər, polis isə onlarda cəmi 30 min manat olduğunu deyir. Mən başa düşə bilmirəm, polis niyə belə davranır?! Pulun 1 manatı da bizə qaytarılmayıb. Yəqin heç qaytarılmayacaq da. Oğurluq faktı qalıb bir tərəfdə, hüquq-mühafizə orqanları pulun dalınca düşüb. Hamı pulla maraqlanır”.
Az sonra bu iddialarla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov münasibətini yayacağıq.
Xatırladaq ki, bu oğurluğu “Avesta” şirkətinin rəhbəri Hacı İbrahim Nehrəmlinin mühafizə xidmətinin əməkdaşları Füzuli Nəbiyevvə Əlizamin Əliyev törədiblər. F.Nəbiyev Hacı İbrahimin şəxsi mühafizə xidmətinin rəhbəri olub. Füzuli “Avesta”ya 7 nəfərlik dəstə ilə gəlib. Beş nəfər aşağıda gözləyib, Füzuli və Əlizamin Əliyev yuxarı qalxıblar. Hər iki şəxs “Avesta”nın kassirinin boğazına bıçaq dirəyərək kassada olan 135 min manatı ondan zorla alıb hadisə yerindən uzaqlaşıblar.