Hacı İbrahimin pullar qaytarıldı, oğrular tutuldu

Hacı İbrahimin pullar qaytarıldı, oğrular tutuldu
Avesta”dakı oğurluqla bağlı şok gəlişmə
Hacı İbrahim Nehrəmlinin ofisindən çalınan 135 min manatın 105 mini ona təhvil verilib; iş adamı polisin davranışlarından və operativliyindən razı qalıb: “Məsələ ictimailəşəndən sonra DİN rəhbərliyi bu işə çox ciddi yanaşdı. Nəticədən razıyam...”
“Avesta” konsernindən soyğunçuluq yolu ilə ələ keçirilən 135 min manatlıq oğurluqla bağlı şok gəlişmələr var. Amma mətləbə keçməzdən öncə bu işlə bağlı qısa özət verək.

Xatırladaq ki, dekabrın 7-də məşhur iş adamı Hacı İbrahim Nehrəmlinin rəhbəri olduğu “Avesta” konserninin ofisindən oğurluq olub. Bu yaxınlara kimi Hacı İbrahimin mühafizə xidmətinin rəhbəri işləmiş Füzuli Nəbiyev və onun yaxın qohumu Əlizamin Əliyev sözügedən konsernə gələrək maaş almaq adıyla mühasibin boğazına bıçaq dirəyərək ondan kassadakı 135 min manatı zorla alıb qaçıblar. Hadisədən dərhal sonra polis oğurluqda iştirak edənləri saxlayıb.

Bu olayla bağlı Hacı İbrahim “Yeni Müsavat”ın 8 dekabr 2013-cü il tarixli sayına geniş açıqlama verib. O, oğurluqda adı keçən Füzuli Nəbiyevin mühafizə xidmətinin rəhbəri olduğunu təsdiqləyib: “Füzulidən şübhələnmişdim. Tez-tez çantamdan, maşından pulum yoxa çıxırdı. Dəfələrlə özünə xəbərdarlıq etdim, onu düz yola qaytarmaq istədim, alınmadı. Ona görə də xaricə getmədən öncə tapşırdım ki, Füzuli işdən çıxarılsın. Amma demişdim ki, maaşını ödəyin, sonra. O da dekabrın 7-də ofisə maaş almaq adıyla gəlib. 7 nəfərlik bandit dəstəsi ilə gəlib. Beş nəfər aşağıda gözləyib, Füzuli və Əlizamin Əliyev yuxarı qalxıblar. Əlizamin Füzulinin qohumudu, bizim ofisin arxasında yeni tikilən binanın komendantıdır. Onu işə Füzuli düzəldib. Onlar kassirin boğazına xəncər dirəyib, kassadakı 135 min manatı aparıblar”.



O demişdi ki, oğurlanan məbləğin cəmi 30 mini polislərdədir: “Oğrular 95 min manat qaytardıqlarını, amma polislər onlarda cəmi 30 min manat olduğunu deyiblər”.
Dekabrın 9-da günün birinci yarısında Hacı İbrahim musavat.com-a bildirib ki, oğurluqda iştirak edənlər yaxalansa da sözügedən məbləğ hələ də konsernin kassasına verilməyib. Saxlananların məhkəməsinin olacağını deyən iş adamı hər şeyin bundan sonra aydınlaşacağını söyləmişdi.

Ehsan Zahidov: “İstintaq hər şeyə aydınlıq gətirəcək”

“Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin oğruların pulu polisə qaytarması ilə bağlı səsləndirdiyi fikirlərə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov münasibət bildirib. O, musavat.com-a açıqlamasında deyib ki, oğruya yox, polisə inanmaq lazımdır: “Oğru olmayan adam oğruya inanmaz. Oğruya ancaq oğrular inana bilər. Polisin davranışından necə narazı qalmaq olar ki, o cür quldurluq hadisəsi baş verir və polis bir saat sonra yüksək peşəkarlıqla keçirdiyi tədbir nəticəsində şübhəli bilinən hər iki şəxsi tutaraq istintaqa təqdim edir. Elə həmin gün də Nərimanov Rayon Polis İdarəsində quldurluq maddəsi ilə cinayət işi qaldırılıb və hazırda istintaq gedir. İstintaq başa çatmamış hər hansı bir proqnoz vermək düzgün deyil. İstintaq hər şeyə aydınlıq gətirəcək. Eyni zamanda Hacı İbrahimin iddiasına da istintaq aydınlıq gətirəcək”.



Dekabrın 9-da keçirilən məhkəmədə “Avesta” konserninin xəzinədarını hədələyərək külli miqdarda pul aparan şəxslər barədə həbs-qətimkan tədbiri seçilib.

Azertaym.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində Füzuli Nəbiyev və Əlizamin Əliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar qəbul olunub.

Onlar Cinayət Məcəlləsinin 181.3.2 (quldurluq-külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) təqsirli bilinir.

Dünən günün sonunda Hacı İbrahim Nehrəmli “Yeni Müsavat”a açıqlama verib. İş adamı bildirib ki, bu məsələ mətbuat vasitəsilə ictimailəşəndən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyi olayla yaxından maraqlanıb: “Nazirlikdən yüksək vəzifəli şəxslər Nərimanov rayon polisinə gəlib, prosesi nəzarətə götürüb. Nəticədə oğurlanan 135 min manatın 105 mini geri qaytarılıb. Bu gün (dünən-red.) polislərin iştirakı ilə ofisimizdə akt tərtib olundu, pul kassaya geri qaytarıldı. O pullar işçilərin maaşı idi”.



Hacı İbrahim polisin bu cür operativ reaksiyasından və DİN rəhbərliyinin olayla yaxından maraqlanmasından razı qaldığını dedi: “Sağ olsunlar, məsələyə belə yanaşdılar, nəticədə oğurlanan məbləğin əhəmiyyətli hissəsi geri qaytarıldı. Füzuli heç sən demə, pulu polisə verməyibmiş. Özündə saxlayırmış. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun pulu saxladığı yer aşkarlanıb. Yerdə qalan 30 min manat da bugünlərdə bizə təhvil veriləcək”.






Fikirlər