Deputatın biznesmen qohumu qumarda pul uduzdu, iş məhkəməlik oldu

Deputatın biznesmen qohumu qumarda pul uduzdu, iş məhkəməlik olduBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Hacızadə Rövşən Hacı oğlunun və Əmiraslanov Qərib Məhərrəm oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edir.

İttihama görə, “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər.

Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Qərib Əmiraslanova isə 178.3.2-ci maddəsi ilə ittiham olunur.

Təqsirləndirilən şəxs qismində dindirilən R.Hacızadə ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, ittiham üzrə bütün qanunsuzluqlar deputat Əsabil Qasımovun yaxın qohumları olan Taleh Qasımov, Umud Umudov, Qərib Əmiraslanov və İntiqam Umudov tərəfindən törədilib. Mənzil və avtomobil yerlərinin satılması barədə sənədlər Əsabil Qasımovun təhriki ilə yazılıb: “Mən “Karat” MTK-da heç bir vəzifədə işləməmişəm, heç bir səlahiyyətim olmayıb, heç kimin pulunu ələ keçirmək üçün mənzil və ya avtodayanacaq yerləri satmamışam. “Karat” MTK-da heç bir vəzifəm olmadığından vəzifə saxtakarlığı törətməmişəm. Əsabil Qasımov və onun yaxın ətrafı öz saxtakarlıqlarını gizlətmək məqsədilə mənə şər, böhtan atırlar”.

Digər təqsirləndirilən Qərib Əmiraslanov isə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

İstintaq materiallarına istinad etsək görərik ki, Q.Əmiraslanov əslən Ağdam rayonundan olan Yusif Əfsəriyə qumarda külli miqdarda pul uduzduğunu, ona qalan 205000 manat borcun əvəzinə “Karat” MTK-dan mənzil vermək barədə razılaşdığını göstərib. O, R.Hacızadədən xahiş edib ki, X.Şuşinski küçəsi, 12 saylı binadakı 4 otaqlı mənzili Y.Əfsərinin qardaşı oğlunun adına sənədləşdirilməkdə köməklik etsin. Bunun müqabilində Y.Əfsəridən pul almayıb.

Bundan başqa 2012-ci ilin fevral ayında 205000 manata satdığı mənzilin pulunu öz şəxsi ehtiyaclarına xərclədiyini göstərib. R.Hacızadə də onun xahişi ilə mənzilin C.Rzayevin həyat yoldaşının adına sənədləşdirilməsi barədə sənədləri tərtib edərək ona verib.

Deputatın biznesmen qohumu qumarda pul uduzdu, iş məhkəməlik oldu Ceyhun Yusifov

R.Hacızadənin vəkili Ceyhun Yusifov virtualaz.org saytına bildirib ki, müdafiə etdiyi şəxsin bu cinayətlə ümumiyyətlə əlaqəsi olmayıb. Vəkilin sözlərinə görə, istintaq qərəzli xarakter daşıyıb, cinayətin açılmasına, əsl cinayətkarların müəyyən edilməsinə, cinayət işinin obyektiv araşdırılmasına deyil, əsl cinayətkarları gizlətmək məqsədi daşıyıb və günahsız bir insanın təqsirləndirilməsi istiqamətinə yönəlib: “Artıq məhkəmə prosesi başlayıb. Nə istintaq zamanı, nə də ki, məhkəmədə Rövşən Hacızadə ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. Bu halları nəzərə alan məhkəmə öncə məhkəmə istintaqını zərərçəkmişlərin ifadəsi ilə başlanılmasını məqsədəuyğun hesab etdi. Rövşən qəti şəkildə bu işin qurma, özünün isə qurbanlıq olduğunu bildirdi. Bununla yanaşı Rövşən Hacızadə dələduzluqda ittiham olunduğu əmlakla bağlı mötəbər sübutları məhkəmə baxışına təqdim edəcəyini israrlı şəkildə dedi. Rövşən Hacızadə məhkəməyə bu iş üzrə “zərərçəkən”in Əsabil Qasımov olduğunu və istintaqa zərərçəkən kimi təqdim olunanların hamısının onun öz adamları olduğunu dedi.

İnanırıq ki, məhkəmə bu cinayət işini obyektiv araşdırılacaq və müdafiə etdiyim şəxsin təqsirsizliyi sübut olunaraq haqq-ədalət bərpa olunacaq”.


Onu da qeyd edək ki, R.Hacızadənin bacısı Güllü Hacıyeva mətbuat vasitəsilə ölkə başçısına müraciət edib: “Cənab prezident! Qardaşım Rövşən barəsindəki həbs-qətimkan tədbirinin ləğvinə və cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınmasına son qoyulması üçün aidiyyəti üzrə göstərişlər verilməsini və əsl cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş edirik.

Hər zaman Azərbaycan qanunlarına əməl etmişik, prezidentimizin siyasi kursunu dəstəkləmişik. İnanıram ki, müraciətimizdən sonra deputat adına xələl gətirən, günahsız insanları həbs etdirərək dövlətdən narazı salmağa çalışan Əsabil Qasımov barəsində qanuni tədbir görüləcək. Bizim haqsız olaraq məruz qaldığımız bu əzab və iztirablara son qoyulacaq”.

Məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək.






Fikirlər