Baş Prokurorluq Qəbələdəki atışma ilə bağlı məlumat yaydı
Prokurorluğun mətbuat xidmətindən Azertaym.az-a daxil olan xəbərə görə, dekabrın 13-də saat 17 radələrində Qəbələ şəhəri, İ.Qutqaşenli küçəsində yerləşən “Qəbələ” Ticarət Mərkəzinin qarşısında baş vermiş münaqişə zəminində rayon sakinləri - 1968-ci il təvəllüdlü Eldar Kərimovun və 1969-cu il təvəllüdlü Vasif Dadaşovun qəsdən öldürülməsi, 1987-ci il təvəllüdlü Zöhrab Cavadovun isə xəsarət alması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilmiş, hadisə yerindən 5 ədəd giliz, 1 ədəd patron, “Vinçester” tipli ov tüfəngi, qan nümunələri maddi sübut kimi götürülüb, zəruri ekspertizalar, o cümlədən məhkəmə-tibbi ekspertizaları təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.
Rayonun Zarağan kənd sakini, 1977-ci il təvəllüdlü Ariz Rəsulzadənin qeyd edilən ticarət mərkəzinin qarşısında mülki mübahisə ilə bağlı baş vermiş münaqişə zəminində avtomobilində gəzdirdiyi “Vinçester” tipli ov tüfəngindən atəş açaraq E.Kərimovu və V.Dadaşovu qəsdən öldürməsi, Z.Cavadova isə xəsarət yetirməsində əsaslı şübhələr olduğundan sonuncu tutularaq şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.