“PLANET” ŞADLIQ SARAYINDA ÖZBAŞNALIQ – GECƏ 12-DƏN SONRA… – VİDEO

“Planet” şadlıq sarayında özbaşnalıq – Gecə 12-dən sonra… – VİDEO

Müxtəlif vaxtlarda insanlar şadlıq sarayları, mərasim evləri, restoranlar və digər iaşə obyektlərindəki  “vur çatlasın”la bağlı şikayətlərini dilə gətirirlər.

Əksərən bayağı musiqi toplusundan ibarət olan bu mahnılar küçə dəbinə çevrilib desək, bəlkə də yanılmarıq. Sanki “ən bərk musiqi hansımızda səslənir” yarışına giriblər. İnsanlar bir-birinə söz demək üçün qışqırmaq məcburiyyətində qalırlar.

Xüsusilə yüksək səslə musiqi dinləmə günümüzün qlobal problemidir. Bəzən mediada yaşayış binalarına yaxın yerlərdə yerləşən ticarət mərkəzləri, mərasim evi, şadlıq saraylarında bu problemlə bağlı vətəndaş şikayətləri yer alıb.

Minval.info-ya daxil olan vətəndaş şikayətlərinin biri də bu problemlə bağlıdır. Belə ki, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən “Planet” şadlıq sarayında təşkil olunan tədbirlərdə mahnıya o qədər səs verirlər ki, hətta iki məhəllə uzaqdan belə səsi eşidilir. Vətəndaşlar bu prosesin artıq neçə gündür davam etdiyini bildirir. Şikayətçi həmin anları videoya da çəkib.

Məsələ ilə bağlı Planet şadlıq sarayından münasibət öyrənməyə çalışdıq. Düzdür, əlaqə saxlamaqda çətinlik çəksək də, nəhayət özünü rəhbərliyin nümayəndəsi kimi təqdim edən şəxs suallarımızı cavablandırdı. “Camaatın oruc tutduğu bu müqəddəs günlərdə nə toy, nə tədbir ola bilər? Kim deyirsə, sizə çox yanlış məlumat verib”, – deyən şəxs israrla belə bir şeyin mümkünsüz olduğunu söyləyirdi.

Deyəsən “Planet” şadlıq sarayının rəhbərliyi müasir dövrdən xəbərsizdir. Artıq hər şeyi videoya çəkib, isbat etmək olur.

Ümumiyyətlə iaşə obyektlərində musiqinin səsini normadan artıq etmək həm insan sağlamlığına, həm də təbiətə və digər canlı orqanizmlərə ziyandır. Məsələnin qanuni tərəfi ilə də maraqlandıq.

“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə Prezidentin imzaladığı  13 fevral 2009-cu il 52 saylı Fərmanına əsasən nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyəsinə nəzarəti Səhiyyə Nazirliyi (SN), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyi (DİN) həyata keçirir. Normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) aid edilmir. Sadalanan normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir.

65 desibelden artıq səs salmayın…

Qanunvericiliklə səs-küyün normalaşdırılan parametrləri və yolverilən səviyyələri müəyyənləşdirilib. Daimi səs-küyün normalaşdırılan parametrləri (L) orta həndəsi tezlikli 63, 125, 250, 500, 1000, 2000, 4000, 8000 Hs oktava zolaqlarında (səs təzyiqinin oktava səviyyələri), desibellərlə (dB) səs təzyiqinin qiymətləridir. Binaların (mənzillərin) yaşayış otaqlarında yol verilən maksimal səs həddi gündüz saatlarında 40-50, axşam saatlarında 45-55 dBA-dır. Mehmanxana, yataqxana, istirahət və pansionat evlərinin yaşayış otaqlarında bu səviyyə gündüz 60, gecə 50 dBA-dır. Qocalar və əlillər üçün internat-evlərinin, məktəbəqədər uşaq idarələrinin və internat məktəblərinin yaşayış otaqları gündüz saatlarında 55, gecə 45, inzibati binalarda, konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında iş otaqları və kabinələrdə gündüz saatlarında 65 dBA nəzərdə tutulub. Xəstəxana və sanatoriyaların palataları gecə 40, gündüz 50 dBA, xəstəxanaların əməliyyat otaqları gündüz vaxtı 45 dBA-dır. Gündüzlər tibb idarələrinin həkimlər otağı 50 dBA, tədris müəssisələrinin sinif otaqları, təhsil kabinetləri, təhsil müəssisələrinin auditoriyaları, konfrans zalları, qiraət zalları, müşavirə, görüş otaqları 55 dBA, mehmanxana, yataqxana, istirahət və pansionat evlərinin holları 60 dBA səviyyəsində müəyyən olunub. Yuxarıda adıçəkilən 9 bənd üzrə məsuliyyət RGEM-in üzərindədir.






Fikirlər