Rza Rzayev: Tural HEÇ KİMƏ imkan vermirdi ki, o, QANI SİLSİN

Direktorun tərəfini tutanlara səslənirəm, ədalətli mövqe tutursunuzsa, niyə qarşı tərəfin bizim üstümüzə bıçaq çəkdiyi haqqında danışmırsınız?

Bu sözləri aktyor Rza Rzayev “Yeni Müsavat”ın canlı efirində çıxışı zamanı 2018-ci ilin fevral ayından bu günə qədər davam edən qalmaqallı hadisələrə aydınlıq gətirərkən deyib.

O bildirib ki, mübahisənin yaranmasında səbəb qarşı tərəfin ona nalayiq sözlər işlətməsi olub:

“Artıq sayca 8-ci məhkəmə prosesidir ki, davam edir. Bu məsələ ilə bağlı bizi təhqir edən, qəbul edilməsi mümkün olmayan sözlər işlədən valideynlər barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdim. Tural Mirzəliyev onun haqqında şikayət və iddia olmadığı təqdirdə bütün məhkəmə proseslərində məhkəmə qarşısına gələrək valideynlərə dəstək verirdi.

Bir neçə dəfə ondan soruşmuşdum ki, sənin iş saatında burada nə işin var? Məqsədin nədir? Mənə kobud və təhrikedici şəkildə cavablar verirdi. Amma mən bu günə qədər səbirlə yanaşmışdım.

Dünən yenidən Nizami Rayon Məhkəməsinin önündə qarşılaşdıq. Maşından yanında bir nəfər oğlanla düşdü. Sonradan bilmişik ki, qaynıdır.

Üç valideynlə birlikdə məhkəmə prosesinə gəlmişdi. Adını açıqlamaq istəmədiyim hörmətli ağsaqqalları mənim yanıma göndərirdi ki, məsələni bağlayaq, xoşluqla həll edək. Amma mən bu yerdən sonra qanunla həll edəcəyimi deyirdim.

Orada Turala dedim ki, mənim yanıma adam göndərirsən ki, məsələni xoşluqla həll edək, özün də burada belə hərəkətlərə yol verirsən?

O isə mənə yalan danışdığımı deyərək ifadə edə bilməyəcəyim ağır söyüşlə cavab verdi. Heç bir kişi bu cür sözləri qəbul etməz. Mən də özümə hakim ola bilmədim. İlk zərbəni kimin endirdiyini xatırlamıram, amma məni təhrik etdiyini deyə bilərəm. Aramızda mübahisə yarandı. Yanındakı oğlan əlini cibinə atdı və soyuq silah çıxardı.

Turalın gözündə eynək olduğundan, yəqin, mən zərbə vuranda eynək onun qaşının üstünü zədələmişdi. Balaca bir çapıq vardı və qan axırdı. Mənim isə qolum əzildi, köynəyim cırılmışdı. Tural heç kimə imkan vermirdi ki, o, qanı silsin. Bilərək elə dayanmışdı ki, şəkillərini çəksinlər. Mübahisəni telefonla çəkənlər vardı, videolara da baxa bilərsiniz.

İndi də xəstəxanada olduğunu və vəziyyətinin ağır olduğunu deyirlər. Mən çox xahiş edirəm, sizin kollektiv getsin xəstəxanaya, onun vəziyyəti ilə tanış olsunlar. Başını 2-3 qat sarğıya alıblar. Bir baxın, görün o dərəcə böyük xəsarət olub, yoxsa olmayıb? Bu məsələni mən qanuni çərçivədə həll etdikdən sonra, Turalla ikilikdə söhbət edəcəyimi onun özünə də demişəm.

İzləyicilərdən də üzr istəyirəm ki, onların qarşısına bu cür xoşagəlməz hadisələrlə çıxırıq. Amma yenə də deyirəm, qarşıda həbs edilmək, polisə düşmək var deyə mən o nalayiq sözləri qəbul edə bilməzdim. Həbsxana da Azərbaycanın bir hissəsidir. Əgər qanun pozmuşamsa, buna Tural və ya başqaları yox, birmənalı olaraq aidiyyəti orqanlar qərar verə bilər. Cəzam nədirsə, çəkməyə hazıram”.






Fikirlər