20 MƏŞHUR RESTORAN BAĞLANIR - Prezidentin sərt xəbərdarlığı GERÇƏKLƏŞİR

f4b0ac5c-ef5e-46a8-a295-18c0ef04ce8a

Bağlanması üçün məhkəməyə müraciət edilən restoranları aralarında “Gilavar”, “Oazis” və “Çanaqqala” kimi tanınmış obyektlər də var…

“Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektlərinin sahiblərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən vaxtdan 6 ay keçməsinə baxmayaraq, bu günə kimi yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb”.

Bu barədə modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)  əməkdaşı Faiq Mütəllimov məlumat verib.

Onun sözlərinə görə, monitorinqlərin başlanıldığı tarixdən indiyədək xəbərdarlıqlara məhəl qoymayaraq, təmizləyici qurğu quraşdırmayan 64 obyekt cərimə olunub, cəriməni ödəməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması istiqamətində iş aparılır:

“20 iaşə obyektinin – ”Yeddi Gözəl”, “Sonalar Sonası”, “Gilavar”, “Oazis”, “Çanaqqala”, “Şahzadə”, “Şəlalə”, “Meqa Palas”, “Kəndimiz”, “Çıraq”, “Qabırğa” və digərlərinin bağlanması üçün sənədlər məhkəməyə göndərilib. Hazırda daha 15 iaşə obyektinin – “Topqapı”, “Ankara”, “Mübarək”, “Eliza”, “Cratos Hall”, “Qızıl balıq”, “Şır-şır”, “Meşəbəyi” və digərlərinin fəaliyyətinin dayandırılması üçün sənədlər məhkəməyə hazırlanır.

Həmin  iaşə obyektlərinin sahiblərinin diqqətinə çatdırmaq istərdik ki, məhkəmənin qərarı əsasında fəaliyyətləri dayandırılacaq iaşə obyektlərinin yenidən fəaliyyət göstərməsi müvafiq prosedurlar baxımından heç də asan və tez olmayacaq. Onların fəaliyyətlərinin bərpasına ETSN tərəfindən aparılacaq monitorinqlərin və müsbət rəyin nəticəsindən asılı olaraq razılıq veriləcək.

Onu da qeyd edək ki, müvafiq təmizləyici qurğunun quraşdırılması məqsədilə müqavilə bağlayan, lakin ötən xeyli müddət ərzində bu istiqamətdə heç bir iş görməyən, atmosferi çirkləndirməkdə davam edərək əhalinin haqlı narazılığına səbəb olan iaşə obyektləri barəsində də cərimə tətbiq edilməklə yanaşı, onların fəaliyyətlərinin dayandırılması, daha ciddi cəza tədbirləri görülməsi üçün aidiyyəti orqanlar qarşısında vəsadət qaldırılacaq”.

restoranlar tüstü ile ilgili görsel sonucu

Musavat.com xatırladır ki, oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev bu barədə sərt danışmışdı.

“Havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edilib. Axsam saatlarında Bakı şəhərini tüstü bürüyür. Şadlıq evlərində tüstü təmizlənmədən havaya sovrulur. Ona görə, çox ciddi xəbərdarlıq edilib, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq. Mən tapşırmışam ki, bunun üçün hüquqi əsaslar hazırlansın. Bildiyimə görə, birinci xəbərdarlıqdan sonra bir çox məişət obyektləri təmizləyici qurğuları quraşdırmağa başlayıblar. Onların hamısına məsləhətim ondan ibarətdir ki, bu işi tezləşdirsinlər.

prezident sərt ile ilgili görsel sonucu

Çünki ikinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı. Ona görə, tezliklə bütün böyük-kiçik məişət obyektlərində havanı çirkləndirən, havaya tüstü, kanserogen buraxan obyektlərdə təmizləyici qurğular quraşdırılmalıdır, müvafiq qurumlar monitorinq aparmalıdır. Mən Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verdim ki, mənə dərhal məlumat verilsin və dərhal ölçü götürüləcək”.

Prezidentin müvafiq göstərişindən sonra ETSN tərəfindən Bakıda yerləşən 500-dən artıq irili-xırdalı restoran və kafelərə dərhal sözügedən qurğuların quraşdırılması tövsiyə edilib. Bir neçə gün əvvəl nazirlik 90 ictimai qidalanma müəssisəsində havatəmizləyən qurğular quraşdırıldığını, 2200-dək restoranın sahibi ilə zəruri avadanlığın qurşdırılması barədə müqavilə bağlandığını xəbər vermişdi.

Lakin Nazirliyin tövsiyələrini dinləmək istəməyən sahibkarlar da olub ki, ETSN aralarında  xeyli gəlirli obyektlərin də olduğu  20 belə restoran və şadlıq evinin bağlanması ilə bağlı məhkəməyə üz tutub.

Prezidentin sözügedən bəyanatından sonra bazara havatəmizləyici qurğunun quraşdırılmasını təklif edən bir neçə xarici şirkət daxil olub. Məsələn, belə şirkətlərin biri Türkiyənin “Airplus” şirkətidir. Sputnik.az-ın xəbərinə görə, il ərzində şirkət Azərbaycanda 100-dək belə qurğu quraşdıra bilər. Həmin qurğu suyu yağdan və havanı tüstüdən tamamilə təmizləyə bilir. Yağ və tüstü tamamilə məhv edilir, təbiətə 98% təmiz hava və su buraxılır. Aparat yalnız təmizləyici funksiyanı yerinə yetirmir, eyni zamanda otaqda havanı soyutma və istiləşdirmə qabiliyyətinə də malikdir.

Bu şirkətin 300 kvadratmetrlik obyekt üçün yığdığı havatəmizləyici qurğunun dəyəri təxminən 30 min avrodur. Amma Bakıda onun ucuz analoqları da var.






Fikirlər