Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib
Bu gün - 07 avqust 2019-cu il tarixində 242 №-li tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən C.Naxçıvanski küçəsi 20, 22, 24, 30, 34 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib. "AzerTaym.az"-a qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki,görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən danışıb. A.Qasımov yerlərdə keçirilən bu cür görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını söyləyib. Sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Vətəndaşlar məhəllənin abadlaşdırılası və uşaq-əyləncə qurğularının quraşdırılması, ağacların budanması, yaşadıqları binanın dam örtüyünün təmiri kimi məsələləri diqqətə çatdırıblar. Qəbulda qaldırılan məsələlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.