Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov növbəti səyyar qəbul-görüş keçirib
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 272 №-li tam orta məktəbdə Q.Qarayev prospekti 118, B.Nuriyev küçəsi 14, 20/116 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirib. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq, rayonda mütəmadi olaraq səyyar qəbulların keçirildiyini qeyd edib, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb. Qəbulda sakinlər məhəllədaxili yolların asfaltlanması, binaların dam örtüklərinin və istilik sisteminin təmiri, tüstü bacalarının təmizlənməsi, zirzəmilərin dezinfeksiya olunması, məhəllənin abadlaşdırılması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər. Rayon sakinlərinin arzu və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bəziləri yerində həll edilib, əlavə araşdırmaya ehtiyac olan digər məsələlərin qanunvericiliyə uyğun və operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib və nəzarətə götürülüb.