Qalib şagirdlərlə İsmayıllı rayon İcra Hakimiyyətində GÖRÜŞ...
İsmayıllı rayonunda fəaliyyət göstərən tam orta məktəblərin 40 nəfər X-XI sinif şagirdi rayon təhsil şöbəsinin böyük məsləhətçisi Mail Səftərovun və metodiki kabinetin müdiri Şahin Gənciyevin rəhbərliyi ilə Lənkəran, Astara və Masallı rayonlarına “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində səfər etmişdilər.
"AzerTaym.az"-a qurumun mətbuat və ictimaiyyətlə əlaqə şöbəsindən bildirilib ki,səfər zamanı 9 rayondan gəlmiş tur-aksiya iştirakçıları sırasından 9 komanda yaradılmış və onların arasında intellektual bilik yarışı (Nə? Harada?Nə zaman) keçirilmişdi. İsmayıllı komandası yüksək bilik nümayiş etdirərək,birinci yeri tutmuş və kuboka sahib çıxmışdı. Bu uğurdan az sonra “İctimai TV”-də yayımlanan “Əlaçı” yarışmasında şəhər 3 saylı tam orta məktəbin şagirdi Nicat Xancanlı və 6 saylı tam orta məktəbin şagirdi Orxan Pənahov müxtəlif mərhələlərdə birinci yerə çıxmışlar. Nicat Xancanlı super-finalda da qaliblər sırasında olmuş, üçüncü yeri tutmuşdur.
İsmayıllı təhsil sitemində ardıcıl olaraq qazanılan bu uğurları həmişə təqdir edən Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qaliblərlə görüşüb. Görüşdə təhsil işçiləri, əlaçıların müəllimləri, valideyinləri, məktəb direktorları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
RİH-nin başçısı təbrik nitqi ilə qaliblərə müraciət edib,müəllimlərin, valideyinlərin əməyini doğrultduğuna görə onlara təşəkkürünü bildirib,uğurları münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin təhsilə,müəllimə, gəncliyə verdiyi qiymətdən, cənab Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafı və yüksəlişi üçün həyata keçirdiyi səmərəli tədbirlərdən danışıb. Qeyd edib ki, İsmayıllı şagirdləri və müəllimləri dövlət qayğısına yüksək müvəffəqiyyətləri ilə cavab verirlər.
Mirdaməd Sadıqov əlaçı-birinciləri və kubok sahiblərini hədiyyələr və təşəkkürnamələrlə mükafatlandırıb.
Orxan Pənahov və Nicat Xancanlı onların təhsili üçün yaradılan məhsuldar şəraitə, özlərinin və ailələrinin həyatında,biliklərə yiyələnmələrində heç bir çətinlik olmadığına görə ölkə rəhbərinə minnətdarlıq ediblər. Eyni zamanda qələbəyə çatmaq yollarından danışıblar,müəllimlərin əməyini minnətdarlıqla dəyərləndiriblər.