Növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Zaur Məmmədovun Sumqayıt şəhərində məskunlaşmış Cəbrayıl və Qubadlı köçkünləri ilə görüşü olub.
Tədbiri giriş sözü ilə açan namizədin vəkili, Əməkdar jurnalist Rəhman Orxan 30 il əvvəl - 1990-cı ilin 20 yanvarında Sovet ordusunun təpədən dırnağadək silahlanmış qoşunları, həmçinin Krasnodar ermənilərindən ibarət "rezervistlər" tərəfindən Bakıda dəhşətli qırğınlar törədildiyini, 128 günahsız həmvətənlərimizin qətlə yetirildiyini yada saldı və onun təklifi ilə 20 Yanvar faciəsi qurbanlarının və bütün Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra o, Zaur Əhmədin istedadlı, yüksək intellektə malik bir jurnalist kimi müstəqil Azərbaycanın milli mətbuatının inkişafındakı xidmətlərindən, onun yüksək vətənpərvərliyindən, əsl vətəndaşlıq mövqeyindən, dövlətə və dövlətçiliyə sədaqətindən, buna görə də cəmiyyətdəki bütün neqativ hallara, o cümlədən yeri səhv düşmüş yüksək vəzifəli şəxslərə, azğınlaşmış, xalqın taleyinə, arzu və istəklərinə biganə olan məmurlara qarşı kəskin mübarizəsindən, daim sadə, haqqı tapdanan adamların yanında, onlarla bir cərgədə olmasından, eyni cərgədə addımlamasından danışmış, onun Cəbrayıl və Qubadlıdan olan seçicilərini Milli Məclisdə layiqincə təmsil edəcəyinə əminlik bildirmişdir.
Daha sonra namizədin səyyar seçki qərargahının sədri Elçin Abdullayev çıxış edib. O, Cəbrayıl polkunda, Zaurun atası Əhməd Məmmədovla eyni istiqamətlərdə döyüşdüyünü, cəbrayıllıları yaxşı tanıdığını bildirib: "Biz Zaur Əhmədlə bağlı ona görə müsbət fikirlər demirik ki, onun dostuyuq, yaxınıyıq, ətrafındayıq. Biz öz marağımız naminə demirik ki, bizim namizədə səs verin. Deyirik ki, düzgün, obyektiv seçim edin, yanılmayın. Seçiminizi düzgün etmək, yanılmamaq üçün isə ən gözəl vasitə "Google" axtarış proqramıdır. Ora daxil olmaqla 18 namizədin hər birinin adını yazaraq, onların fəaliyyəti ilə tanış olun, sonra qərarınızı verin. "Əminik ki, belə etsəniz, bu gün görüşünə gəldiyiniz Zaur Əhməd oğlu Məmmədovun necə də layiqli bir namizəd olduğunu özünüz müəyyənləşdirmək imkanı əldə edəcəksiniz".
Cəbrayıl rayonundan olan tanınmış həkim-yazıçı Hümbət Quliyev çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə parlamentini buraxması gözlənilməz, fövqəladə bir hadisə kimi hamının yaddaşındadır. Buna səbəb isə son zamanlarda Milli Məclisin bir-çox üzvlərinin fəaliyyətlərinin qaneedici olmaması, onların bəzilərinin xalq arasında hörmət və nüfuzdan düşməsi, deputat adını layiqincə doğrulda bilməməsi olmuşdur. Ancaq bir cəbrayıllı, həm də oxucu kimi çox yaxşı bilirəm ki, Zaur Əhməd yeni düşüncəli, mübariz ruhlu, prinsipial, lakin daim obyektivliyi, hər şeydə düzgünlüyü əsas tutan bir namizəddir. Və ona da qəti əminəm ki, o, mətbuatda çatışmazlıqlara, neqativ hallara qarşı necə inadkarlıqla vuruşursa, Qarabağ qələbəsi uğrunda deputat kimi həm parlamentdə, həm də lazım gəldikdə bilavasitə döyüş meydanında da atası kimi igidliklə döyüşəcəkdir. Əgər Qarabağla və xalqımızın rifahı ilə bağlı arzu-istəklərimizin reallaşmasını istəyiriksə, onda Zaur Məmmədova və onun kimi mərd və mübariz, qətiyyətli, həm də müasir, çevik düçüncəli gənclərə səs verməliyik”.
Daha sonra tədbir iştirakçıları Fəmil Fərhadoğlu, Vüsal Hətəmov, Asif Əsgərov, Ramin Əlizadə, Vüsal İbrahimli, Nadir Məmmədov, Vüqar Sarıyev, Asəf Əsədov, Əfqan Məmmədalıoğlu və digərləri çıxış dərək, Cəbrayıl və Qubadlını ən yaxşı təmsil edəcək namizədin Zaur Məmmədov olduğunu bir daha diqqətə çatdıraraq, ona seçki marafonunda uğurlar arzuladılar.
Tədbirdə çıxış edən namizəd Zaur Məmmədov öncə onun dəvətini qəbul edərək, məclisə gələn seçicilərə təşəkkürünü bildirib. O, qeyd edib ki, bu günə qədər jurnalist kimi Cəbrayıl və Qubadlı, eləcə də işğal olunmuş digər rayon sakinlərinin problemləri ilə daim yaxından maraqlanıb və onların həlli üçün çalışıb və mətbuatda işıqlandırıb: "Lakin artıq sizləri Milli Məclisdə təmsil etməyin zamanı yetişib. Bu günə qədər sizin adınızdan millət vəkilliyi edənlərlə qane olmadığınızı bilirəm. Amma biz keşmişlə mübarizə aparmırıq, keçmişdə ilişib qalmaq istəmirik, gələcəyə baxırıq. Sizdən əsas bir istəyim var ki, seçkidə fəallıqla iştirak edəsiniz. Seçki məntəqələrinə gəlin ki, orda sizin əvəzinizdən heç kim saxta qərar verməsin, öz taleyinizi özünüz həll edin. Elə namizədə səs verin ki, o, Milli Məclisdə həqiqətən sizin gur səsiniz, əsl təmsilçiniz olsun”.