Füzulidə seçki gərginliyi: Vüqar Bayramov açıqlama YAYDI

Füzulidə seçki gərginliyi: Vüqar Bayramov açıqlama yaydı

Deputatlığa namizəd Vüqar Bayramovun seçki qərargahı 84 saylı Füzuli seçki qərargahı dəirədə baş verənlər haqda açıqlama yayıb. “Yeni Sabah” həmin açıqlamanı təqdim edir:

''84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramovun seçki qərargahı seçkiqabağı təşviqatla bağlı nümunəvi və məhsuldar seçki kampaniyası aparır, respublikamızın müxtəlif bölgələrində məskunlaşmış bütün məcburi köçkün həmyerlilərimizlə görüşlər keçirməyə, heç kəsi unutmamağa çalışır. Vüqar Bayramovun görüşlərinə gələn həmyerlililərimiz təsdiq edərlər ki, digər namizədlərin varlığı “bu dairədən seçkiyə qoşulanların hər biri bizim həmyerlimizdir, fevralın 9-da seçkiyə gəlin, layiq bildiyiniz namizədə səs verin” şəklində xatırlanmışdır.

Ancaq bu dairədən bəzi deputatlığa namizədlər, onların havadarları olan sosial şəbəkə istifadəçiləri və saytlar yanvarın 17-dən başlayaraq təbliğat-təşviqat kampaniyalarını həmin dairədən namizədliyi qeydə alınmış Vüqar Bayramovun işgüzar nüfuzuna xələl gətirən böhtan və qarayaxma üzərində quraraq, etik çərçivələri və hüquqi normaları kobud şəkildə pozmuşlar.

17 və 18 yanvar tarixlərində müvafiq olaraq Sumqayıt şəhərində və Lökbatan qəsəbəsində Vüqar Bayramovun seçicilərlə görüşünü pozmağa cəhd edən bəzi namizədlərin hüquqa zidd hərəkətlərini əks etdirən video görüntülər olsa da, bəzilərinin məqsədli şəkildə yaratdıqları süni gərginliyin aradan qaldırılması məqsədilə onları bu günədək geniş ictimai auditoriyaya təqdim etməmişdik.

Aşağıdakı linklərə daxil olmaqla, əslində kimlərin pozuculuq fəaliyyəti ilə məşğul olduğunu, zala yığılan seçicilərin Vüqar Bayramovu dəstəkləmək üçün ora gəldiklərini, görüşün Vüqar Bayramovun seçki qərargahı tərəfindən təşkil olunmasına rəğmən, qərargahın rəhbəri tərəfindən kompromis nümayiş etdirilərək digər namizədlərin səhnəyə dəvət edildiyini, bu dəvətin seçicilər tərəfindən etirazla qarşılanmasına baxmayaraq, zalı sakitləşdirdiyini, digər namizədlərə qulaq asmaq istəməyən görüş iştirakçılarının Vüqar Bayramovun komandası zalı tərk etdikdən sonra könüllü şəkildə ayağa qalxaraq bayıra çıxdıqlarını görəcəksiniz.

Görüşlərdə Füzuli rayonunun dövlət qurumlarının rəhbərlərinin və icra strukturlarının nümayəndələrinin iştirakı və dəstəyi barədə əsassız ittihamlar səsləndirənlər niyə ortaya video və ya foto görüntü qoymurlar? Bildiririk ki, Vüqar Bayramovun görüşlərində çəkiliş aparılmasına seçki qərargahı tərəfindən heç bir məhdudiyyət qoyulmur, əksər hallarda bu görüşlərdən tanımadığımız həmyerlilərimiz canlı yayımlar edirlər. Əgər belə bir fakt mövcud olsaydı, çoxdan ortaya çıxardı.

Hər bir görüşdən sonra seçicilərin Vüqar Bayramovu asanlıqla buraxmaq istəməməsi, onunla səmimi ünsiyyəti davam etdirməyə çalışması Füzuli camaatının onun şəxsiyyətinə hörmətini nümayiş etdirməklə yanaşı, seçicilərin guya görüşlərə zorla gətirillməsi barədə heç bir əsası olmayan iddiaları da alt-üst edir.

Qeyd edək ki, Vüqar Bayramovun bütün görüşləri lentə alınır, həmin video görüntülər yaxın günlərdə “Youtube”a yerləşdiriləcək.

Son günlər iddiaları potensialları ilə tərs mütənasib olan bu psevdo hüquqşünaslar Vüqar Bayramovun artan nüfuzuna və ona bəslənən yüksək seçici rəğbətinə qarşı bütün çirkli texnologiyaları işə salaraq böhtan və hədyan yoluna sadiq olduqlarını bir daha nümayiş etdirirlər.

Bu gün Azərbaycan yeni dönəmin astanasındadır. Hər bir deputatlığa namizəd üçün bərabər şərtlərin yaradıldığı bir vaxtda 50 minə yaxın seçicisi olan Füzuli seçki dairəsində sözünü deməyə 10 seçici tapmayan, ətrafındakı qohum-əqrəbasını, dost-tanışını seçici kimi kəndbəkənd gəzdirən və 20 il əvvəlin çığır-bağır ritorikası ilə müşayiət olunan “çamur at, izi qalsın” metodu ilə mübarizə aparanların son addımları göstərdi ki, onlar seçkidə uğursuzluqlarını gizlətmək üçün bütün yollara əl atmağa hazırdırlar.

Füzulidə Vüqar Bayramovdan başqa bütün namizədlərin plakatlarının cırıldığını yazanların vicdanlarının mövcudluğuna Füzuli rayonu ərazisində yaşayanların şübhə ilə yanaşması üçün də ciddi əsaslar var.

Vüqar Bayramovun seçki qərargahı qara piar kampaniyası həyata keçirən deputatlığa namizədlər və onların havadarları barədə müvafiq hüquqi ölçünün götürülməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulan qaydada, sivil yollarla mübarizə aparmaq üçün müvafiq prosedurların başladıldığını və seçicilərin dinlənilməsi, onların qayğı və istəklərinin öyrənilməsi istiqamətində bu günədək aparılan intensiv seçki kampaniyasının bundan sonra da davam etdiriləcəyini bəyan edir”.

 

 






Fikirlər