“AŞIQ ŞƏMŞİR” Mədəniyyət Ocağı “Evdə qal, cəmiyyəti qoru” kampaniyası çərçivəsində tədbirlərini davam etdirir

Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən mübarizə tədbirlərinə öz dəstəyini davam etdirir.

"AzerTaym.az"-a mədəniyyət ocağından verilən məlumatda bildirilib ki,artıq bir neçə həftədir mütəmadi olaraq bu məqsədlə xeyriyyə aksiyaları keçirən İctimai Birlik bu həftə də öz ənənələrinə sadiqliyini nümayiş etdirib.

İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Qurbanovun tapşırığı ilə Bakı şəhərində və ətraf rayonlarda sosial qayğıya ehtiyacı olan vətəndaşlara müvafiq yardımlar edilib, eyni zamanda İctimai Birliyin fəalları tərəfindən insanlara zəruri maarifləndirici məlumatlar çatdırılıb.

Bu məqsədlə keçirilən növbəti aksiya zamanı 60-dan çox sosial qayğıya ehtiyacı olan aztəminatlı, şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının ailələri ilə görüş keçirilib, onlara ərzaq yardımı göstərilib, eyni zamanda tibbi maska paylanılıb. Görüşlərdə iştirak edən sakinlər xüsusi vurğulayıblar ki, bu çətin və məsuliyyətli günlərdə dövlətin hərətərəfli qayğısı ilə əhatə olunublar və bütün bunlara görə ölkə rəhbərliyinə minnətdardırlar.

Bu taleyüklü günlərdə ölkə başçısı İlham Əliyevin Biz birlikdə güclüyük çağırışını özünün kredosu seçən Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəalları qeyd ediblər ki, İctimai Birlik tərəfindən bundan sonra da koronavirusla mübarizə tədbirləri çərçivəsindəki fəaliyyətləri davam etdiriləcək, sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza mütəmadi olaraq yardımlar ediləcəkdir.






Fikirlər