Nərimanov rayonu da qanvermə aksiyasına QOŞULDU
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə keçirilən könüllü qanvermə aksiyasına Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının və struktur sahələrinin kollektivləri də könüllü qoşulublar. “AzerTaym.az" bildirir ki, aksiya iştirakçıları mayın 8-də B.Eyvazov adına Elmi-Tədqiqat Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər. Həkim hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən olunub və hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürülüb. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq. Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu vurğulayaraq, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.