Laçında NƏ BAŞ VERİR? – “Hər şeyi son günə buraxdın ki...”
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında noyabrın 9-da Qarabağda müharibənin dayandırılması barədə birgə imzalanan bəyanata əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilməlidir. "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, artıq Ermənistan ictimai-siyasi mühitində bu məsələ ətrafında müzakirələr başlayıb. Müzakirələrin ana xəttini Ermənistan Baş naziri Nikol Paşinyanın xəyanəti təşkil edir. Erməni ictimai-siyasi fəallar hesab edir ki, Paşinyan Laçının mərkəzini Azərbaycana verməməli idi. Ermənilər işğaldan sonra Qubadı, Zəngilan və Laçın rayonlarını əhatə edən Kaşatağ rayonu yaradıb. Rayonun mərkəzi isə Laçın şəhəridi. Ermənilər Laçının da adını dəyişərək Berdzor adlandırıblar. “Dağlıq Qarabağ Respublikası” “prezidentinin” keçmiş “müşaviri”, “Enaket” analitik mərkəzin rəhbəri Tiqran Abrahamyan hesab edir ki, Laçının Azərbaycana verilməsi “DQR”i Ermənistanla birləşdirən yeganə quru yolunun da Bakının nəzarətində olması deməkdir. “Kolxozda diri olan varmı? Biri adam dilində kaşatağlılara nə edəcəklərini deyə bilərmi? Kaşatağ rəhbərliyi dünən Berdzorun Azərbaycanın nəzarətinə verilməsini təkzib etməyən və təsdiqləməyən bir açıqlama yaydı. Aydın olan odur ki, bu məsələ müzakirə edilir. Yəni, Gorus-Berdzor-Stepanakert yolunun keçdiyi Berdzor məsələsi müzakirə olunur. Əslində Artsaxın ərazisinin böyük bir hissəsini Azərbaycana vermiş, 9 noyabrda Azərbaycanla ortaq bir bəyanat imzalayan (Paşinyan nəzərdə tutulur-red) hətta bu məsələni müzakirə etməyib. Bununla da Artsaxı Ermənistanla birləşdirən yeganə quru yolunu təhdid altında qoyub. İnsanlar hələ də nə etməli olduqlarını bilmirlər. Hər şeyi son günə buraxdın ki, insanlar əmlakı çıxara bilməsinlər. “Qurtula bilməyəcksən!”, - deyə Tigran Abrahamyan Paşinyana xitabən bildirib.