JURNALİST MAHİR XƏTTAB HƏBS OLUNDU - Göyüşovdan hədə-qorxu ilə pul tələb etdiyi iddia olunur (Yenilənib)
"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttabın barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə onun vəkili Mehman Muradlı məlumat verib. Bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə jurnalistin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun sözlərinə görə, Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 000 manat aldığını etiraf edib: “Mahir Xəttabın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb”. *** Azadinfo.az saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir. Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər. Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək. Xatırladaq ki, Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb. Qeyd edək ki, YAP Binəqədi Rayon Təşkilatının sədr əvəzi Ramiz Göyüşovun bir neçə gün öncə pornoqrafik videosu yayılıb. Mahir Xəttab mövzu ilə bağlı R. Göyüşovun fikirlərini öyrənib. Sentyabrın 9-da isə sosial şəbəkələrdə Mahir Xəttabın Binəqədi Rayon Təşkilatının sədr əvəzindən hədə-qorxu ilə pul tələb etdiyi barədə iddialar yayılıb.