Ağdamda ALLAHVERƏN ZÜLMÜ... - “Torpağımı zəbt edənləri icra başçısının müavini himayə edir”

Ağdam rayon icra başçısının müavini Allahverən Əliyev və onun Ağdam Rayon Polis Şöbəsində (RPŞ) ictimai təhlükəsizlik bölməsinin rəisi işləyən oğlu Babək Əliyevin himayə etdiyi insanlar mənə məxsus torpaq sahəsini ələ keçirərək mülkiyyətimdə olan ərazidə iş görməyimə imkan vermirlər.”

Bu fikirlər Ağdam rayonu, Çəmənli kənd sakini olan, hazırda Bakıda yaşayan Mustafayeva İlduzə Şəmsəddin qızının “AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə ünvanladığı müraciətdən götürülüb.

İ. Mustafayevanın yazdığına görə, yuxarıda adlarını qeyd etdiyimiz vəzifəli şəxslərə arxayın olan bir neçə şəxs Ağdam rayon Çəmənli kəndində 8 il əvvəl aldıqları 20 sot torpağa onların daxil olmasına belə imkan vermir: “ Bir neçə gün əvvəl oğlum Pərviz Mustafayev məndən aldığı etibarnamə ilə qanuni mülkiyyətimdə olan ərazini hasara almaq üçün Ağdam rayonu, Çəmənli kəndinə getsə də, yenə buna imkan verməyiblər. Belə ki, qonşu sahənin sahibi Rafik Həsənov, onun əmisi uşaqları Qalib Həsənov, İlham Həsənov, bacısı oğlanları Zurab Quliyev və Mobil Quliyev oğluma hədə-qorxu gələrək, onu çox ağır söyüşlərlə təhqir edərək ərazidən qovublar. Hətta qanuni mülkiyyətimdə olan torpağa daxil olarsa, ona xəsarət yetirəcəklərini bildiriblər. Bununla bağlı oğlum 102-yə zəng edərək polisə məlumat versə də, heç bir tədbir görülməyib. Buna görə Ağdam rayon Polis Şöbəsinə yazılı ərizə ilə müraciət edərək mülkiyyət hüququmuzun bərpa edilməsi üçün qanuni tədbir görülməsini istəyib. Torpaq sahəsinin 2014-cü ildən mənə məxsus olduğuna dair bütün sənədləri də (şəkilləri yazıya əlavə olunur-red.) Ağdam rayon Polis Şöbəsində işə baxan tədqiqatçı, polis leytenantı Əliyar Qədimova təqdim etmişəm.

Məhz tədqiqatçının tələbi ilə oğlum P. Mustafayev torpaq sahəsinin dəqiq yerini və sərhədlərini müəyyənləşdirmək üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edib. Müraciət əsasında Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin Ceyhun adlı əməkdaşı baxış geçirmək üçün əraziyə gəlib. Baxış keçirilməsini təmin etmək üçün həmin vaxt ərazidə işə baxan tədqiqatçı, polis leytenantı Əliyar Qədimov, Murad adlı sahə müvəkkili və iki polis serjantı da olub. Ancaq buna baxmayaraq qonşu sahənin sahibi Rafik Həsənov, onun əmisi uşaqları Qalib Həsənov, İlham Həsənov, bacısı oğlanları Zurab Quliyev Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin Ceyhun adlı əməkdaşının əraziyə baxış keçirməsinə, mənə məxsus torpağın dəqiq yerini və sərhədlərini bir daha təyin etməsinə imkan verməyiblər. Kobud şəkildə qanunsuzluq edərək işi pozublar. Dövlət xidmətinin əməkdaşının və polisin öz vəzifə borcunu yerinə yetirməsinə imkan verməyiblər. Bu adamlar himayədarlarına o qədər arxayındırlar ki, Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşını, polis işçilərini ərazidən çıxararaq ölçü aparmalarına belə maneçilik törədiblər.

Bundan əlavə polis əməkdaşlarının və şahidlərin yanında oğlumu ağır formada təhqir edərək hədələyiblər.

Bundan sonra polis əməkaşları izahat almaq üçün hər iki tərəfi Ağdam rayon Polis Şöbəsinə dəvət edib. Oğlum P. Mustafayev Ağdam rayon Polis Şöbəsinə gedərək izahatını verib. Ancaq himayədarlarına arxayın olan yuxarıda adlarını çəkdiyim şəxslərdən heç biri izahat vermək üçün Ağdam rayon Polis Şöbəsinə gəlməyiblər. Bununla həm qanunlara, həm də polisə açıq hörmətsizlik nümayiş etdirməkdən çəkinməyiblər.

Tədqiqatçı bununla əlaqədar olaraq həmin şəxsləri inzibati məsuliyyətə cəlb edəcəyini bildirsə də, indiyədək heç bir tədbir görülməyib. Hadisədən isə artıq bir həftə keçib. Bunun da səbəbsiz olmadığı qənaətindəyəm.

Belə ki, qarşı tərəfi Ağdam rayon icra başçısının müavini Allahverən Əliyev və onun Ağdam Rayon Polis Şöbəsində (RPŞ) ictimai təhlükəsizlik bölməsin rəisi işləyən oğlu Babək Əliyevin himayə etdiyi bildirilir. Məhz onların bu işə müdaxilə edərək qanuni mülkiyyətimdə olan torpaq sahəsini qəsb edən şəxslərlə əlaqdar hər hansı tədbir görülməsinə imkan vermədikləri bildirilir.

Verdiyim ehtibarnamə əsasında oğlum P. Mustafayev şikayətimi təqdim etmək üçün Ağdam rayon Prokurorluğuna getsə də, prokuror onu qəbul etməyib. Rayon Polis Şöbəsinin rəisi də oğlumu qəbul etməkdən imtina edib.

Bütün bunlar azmış kimi polisdə oğluma bildiriblər ki, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (polisin qanuni tələblərinə qəsdən tabe olmamaq) məhkəməyə çıxaracaqlar. Bunun səbəbi isə izah edilməyib. Oğlum polisə özünün şikayət etdiyini, polis əməkdaşlarının gözü önündə təhqir edildiyini, hədələndiyini, qarşı tərəfin polisin çağırışlarına belə gəlmədiyini bildirsə də, hər hansı bir tədbir görülməyib.

Düzdür, oğlumu məhkəməyə çıxarmayıblar. Ancaq qarşı tərəfin qanunsuz hərəkətləri və mülkiyyətimdə olan ərazini zəbt etmələrinə qarşı da polis tərəfindən hər hansı tədbir görülmür.

Azərbaycan hüquqi dövlətdir və burada kimsə qanundan üstün ola, zorla başqasının əmlakını ələ keçirə bilməz. İcra başçısının müavininin də belə qanunsuz hərəkətlərə yol verən insanları himayə etməsi yolverilməzdir. Bu ən azı dövlətin nüfuzuna zərbə, xalqı hökumətdən narazı salmaq cəhdidir.

Buna görə də hörmətli Prezidetimiz İlham Əliyev cənablarına, bir ana olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edərək qanuni mülkiyyətimdə olan ərazinin zorakılıqla ələ keçirilməsinin qarşısının alınmasına dair müvafiq orqanlara göstəriş vermələrini xahiş edirəm”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işiqlandırmağa hazırıq.

 






Fikirlər