Mağazaların saxta kampaniyaları: endirimdə yararsız mallar... - NƏ ETMƏLİ?
Azərbaycanda "Black Friday" (Qara Cümə) endirimləri hələ də davam edir. Mağazaların çoxunda "Black Friday" və "Yeni il" endirimi adı altında məhsullara yüksək endirim edildiyini əks etdirən reklamlar edilir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi mağazalar real endirim tətbiq etsələr də, alınmayan yararsız məhsulları "Qara Cümə" bəhanəsi ilə satan ticarət şəbəkələri də az deyil.
AİB sədri bu halın əsasən elektron məhsullar satan mağazalarda baş verdiyini bildirib. E.Hüseynov deyib ki, "Qara Cümə" və "Yeni il" endirim kampaniyaları ilə aldadılan istehlakçılar keyfiyyətsiz çıxan məhsulu geri qaytarmaq istədikdə problem yaşayırlar. Çünki, endirimli malların geri qaytarılmadığı ilə bağlı məlumatlar var.
"Təəssüf ki, "Black Friday" və "Yeni il "endirimi adı altında məhsullara yüksək endirim vəd edən ticarət mərkəzləri həmin günlərdə satışa yaramayan, geri qaytarılan, istehsal zamanı qüsurlu olan malları istehlakçılara sırıyırlar. Alıcılara tövsiyə edirik ki, endirim kampaniyalarından yararlandıqda texniki vasitələr - paltaryuyan, kompüter və sair elektrik məhsullarını yoxlayıb alsınlar", - deyə E. Hüseynov bildirib.
Birlik sədri onu da deyir ki, "Black Friday" və "Yeni il "endiriminə mağazalar reklam kimi yanaşır, müştəri cəlb etmək məqsədilə təşkil edirlər.
O ki qaldı endirimlərin həqiqəti əks etdirib-etdirməməsinə, Eyyub Hüseynov məhsulların sentyabr-oktyabr qiymətləri ilə müqayisə edilməli olduğunu söyləyir. Onun sözlərinə görə, bəzən ticarət onyektləri məhsulun qiymətini süni şişirdib daha sonra onu endirimə salırlar. Belə halda qiymət elə əvvəlki kimi qalır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa görə, satıcı istehlakçını maraqlandıran malın qiyməti barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Bildirilir ki, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı və onun doldurulma tarixi olmalıdır. Həmçinin malın adı, çəkisi və növü qablaşdırma materialında (qutusunda) göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri (ədədin qiyməti) göstərilməlidir:
"Həmçinin "Reklam haqqında" Azərbaycan Respublikası Qanununa əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır. Həmin Qanuna görə, əmtəənin qiymətinin dəyişməsinin reklamında qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi və müddəti, qiyməti dəyişdirilən əmtəələrin siyahısı, qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti barədə məlumatlar göstərilməlidir. Həmçinin reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq, yaxud nisbi ifadə ilə dəyişməsi də qeyd olunmalıdır. Məsafədən satış zamanı əmtəə endirimli qiymətlə təqdim edildikdə isə reklamda endirimdən əvvəlki və sonrakı qiymətlər barədə məlumatlar reklam istehlakçısına çatdırılmalıdır".
O da qeyd olunur, qanuna əsasən, əmtəənin bazarda mövcudluğu, onun göstərilən miqdarda, vaxtda və yerdə əldə edilməsi imkanları, reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə bu cür reklam qeyri-dəqiq reklam hesab olunur.
"Qeyri-dəqiq reklama yol verilmir. Bununla yanaşı bildiririk ki, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinə əsasən, haqsız, qeyri-dəqiq və ya gizli reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab edilir. Belə hallara yol verən sahibkarlıq subyektləri barəsində mövcud qanunvericilikdə məsuliyyət tədbirləri nəzərdə tutulub", - cavabda qeyd olunur.
Qurumdan bildirilib ki, istehlakçılar ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqları zaman Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsinə -(https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Məlumat üçün bildirək ki, "Qara Cümə" Şükranlıq Günü tədbirlərinin ayrılmaz hissəsidir. "Qara Cümə" termini ilk dəfə 1950-ci illərdə Filadelfiya şəhər polisləri istifadə edib. Bu isə Şükranlıq Günündən sonrakı gün, şəhərətrafı alıcıların və turistlərin şəhərə axışdığı gün yaranan xaosla bağlı olub.