Yaxın Şərqdə Azərbaycanın da maraqlarına cavab verməyən proses başlanır...

Yaxın Şərqdə cərəyan edən hadisələr burada yeni böyük geosiyasi qarşıdurmanın başladığını deməyə əsas verir.
Problemin təhlükəli yanlarından biri isə odur ki, bu dəfə qarşıdurmanın əsas tərəflərindən biri qardaş Türkiyə olacaq. Türkiyənin belə qarşıdurmaya cəlb olunması isə Azərbaycanın da maraqlarına cavab vermir. Çünki Azərbaycan Türkiyənin əsas müttəfiqidir və bu ölkənin üzləşdiyi problem dolayısı ilə ölkəmizə də təsir edir.
Yaxın Şərqdə Türkiyə üçün əsas təhdidə gəlincə, söhbət kürdlərin muxtariyyət, dalınca Suriya ərazisində müstəqil dövlət yaratmaq niyyətlərindən gedir. Artıq Suriyanın ən böyük kürd partiyasının nümayəndələri ölkənin şimalında kürdlərin nəzarət etdiyi əraziləri federal muxtar region elan etməyə hazırlaşırlar. Suriyadakı kürd liderlər regionda, ərəblər və türkmənlər daxil olmaqla, digər etnik mənsubiyyətə və məzhəblərə aid qrupların da təmsil olunacağını bildirir. Türkiyə isə birmənalı şəkildə buna qarşı çıxır. Birləşmiş Ştatlar da Suriyada yarımuxtar ərazinin özünün idarə olunmasını qəbul etməyəcəyini bəyan edib. Dövlət katibinin müavini Mark Toner bildirib: "Biz Suriyanın ərazi bütövlüyünə və birliyinə sadiq qalırıq". Kürdlərin nəzarət etdiyi Kobani şəhərinin yüksək səviyyəli kürd nümayəndəsi İdris Nəssən "Əl-Cəzirə" televiziyasına şimali Suriyada federalizmin elan olunmasına hazırlıqların tez bir zamanda başlayacağını və kürd nümayəndələrinin bu məsələni müzakirə etmək məqsədilə görüş keçirəcəyini deyib.
Suriyanın BMT-dəki səfiri Bəşər Əl-Cəfəri isə Cenevrədə müxbirlərə Suriya xalqını bölmək cəhdlərinin bir nəticə verməyəcəyini deyib: "Suriya kürdləri Suriya xalqının mühüm bir parçasıdır. Biz onlarla, onlar isə bizlə qürur duyur. Biz əsrlər boyu birlikdə bir dövlət yaratmışıq. Ona görə də suriyalılar arasında bölgülər yaratmaq cəhdləri uğursuzluqla nəticələnəcək". Lakin yeni kürd planına əsasən, kürdlərin nəzarət etdiyi üç bölgə birləşəcək. Xatırladaq ki, ABŞ-la Rusiya Suriyada atəşkəsə dair razılaşmanın elan edilməsinin ardınca Suriyanın şimalındakı PKK-ya bağlı PYD də böyük dövlətlərin kürd muxtariyyətinin yaradılmasına dair razılığa gəldiklərini açıqlayıb. PYD liderlərindən Elham Əhmədin sözlərinə görə, Suriya üç federal subyektə bölünəcək və bu haqda danışıqlar gedir: "Xarici nümayəndələrin də iştirakı ilə aparılan danışıqlarda Suriyada üç federativ bölgənin yaradılmasından söhbət gedir. Bu, Suriya vətəndaşlarının, partiyaların, qruplaşmaların və Suriya böhranının siyasi həllinə çalışan xarici dövlətlərin istəyidir. Rusiya və ABŞ da bu mövqeni dəstəkləyir". Əhməd federallaşma planının detallarını açıqlamaqdan imtina edib, deyib ki, hələlik bu haqda tam razılaşma yoxdur. Ancaq onu əlavə edib ki, Suriyanın cənub, mərkəzi və şimal əyalətlərinə bölünməsi nəzərdə tutulur. Şimal hissədə kürd muxtariyyəti olacaq. Mərkəzi hissədə sünnilər, cənubda isə şiələr olacaq. Burada mümkün ssenari hər üç federal bölgənin özünün müstəqil seçki sisteminin olmasıdır. Məsələn, regionların birində seçicilər Bəşər Əsədi seçəcəksə, bu, qalan iki regionda siyasi proseslərə heç bir təsir etməyəcək. Yəni qalan regionlarda Əsədlə döyüşən qüvvələr də hakimiyyətə gələ biləcək. Ekspertlər bunun Bosniya modelini xatırlatdığını deyir. 90-cı illərin ortalarında NATO Bosniyadakı qanlı qırğınları dayandırmaq üçün bombardman əməliyyatlarına başladı. Sonda çoxluqda olan etnik qrup-serblər danışıqlara razılaşdı. ABŞ və Rusiya Bosniyanın müsəlmanlar, serblər və xorvatlardan ibarət konfederasiyaya bölünməsində anlaşdılar.  
Suriyada əsas söz sahibi olan Rusiya da burada federasiyanın yaradılmasını təklif edir. Rusiya xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov belə bir modelə heç kimin etiraz etməyəcəyini açıqlayıb.
BMT Təhlükəsizlik Şurasının adının açıqlanmasını istəməyən diplomatı "Röyters" agentliyinə deyib ki, təkcə Rusiya deyil, bir sıra Qərb ölkələri də Suriyada federasiyanın yaradılmasını istəyirlər. Onun sözlərinə görə, bu təkliflər BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Steffan de Misturaya təqdim olunub. Qeyd edək ki, Bəşər Əsəd də ötən sentyabr ayında verdiyi müsahibəsində federasiya təklifinə qarşı olmadığını demişdi.
PKK-nın Suriya qolu olan PYD də buna qarşı deyil. PYD lideri Salih Müslim deyib ki, adını nə qoyurlarsa qoysunlar, biz bütöv Suriyanı istəyirik: "Bu Suriyada bizim də öz haqlarımız və müəyyən müstəqilliyimiz olacaq". İtaliyanın "La Stamp" nəşri də Moskvanın Suriyada məzhəb və etnik köklərə söykənən federasiya modeli üzərində işlədiyini bildirib: "Bu, Bosniya-Herseqovina modelinə söykənir". Təbii ki, hadisələrin bu səpkidə inkişafı Türkiyənin maraqlarına cavab verir və təhdid artacağı təqdirdə Türkiyənin bölgəyə hərbi müdaxiləsi istisna olunmur.
Nahid SALAYEV 






Fikirlər