Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları-2016-nın açılış mərasimi əvvəlki yay Olimpiadalarında olduğu kimi bahalı və miqyaslı olmayacaq.
AzerTaym.az "Report"-a istinadən xəbər verir ki, bu barədə tədbirin icraçı prodüseri Marko Baliç məlumat verib.
"Bu dəfə möhtəşəm şou olmayacaq. Rioda Pekindəki dəbdəbə, Afinadakı nəhəng xüsusi effektər, Londondakı qeyri-adilik olmayacaq. Sadə, amma müasir mərasim olacaq. Hətta xüsusi effektlər olmadan da o, insanlara gələcək haqqında danışacaq", - deyə M.Baliç bildirib.
O, tədbirin Braziliyadakı çətin maliyyə vəziyyəti fonunda təşkil edildiyini qeyd edib. Açılış mərasiminin ümumi smetası Londonda keçirilmiş OO-2012-dəki 42 milyon dolların təxminən yarısı qədər olacaq.
Qeyd edək ki, Rio-2016-nın açılış mərasimi avqustun 5-də "Marakana" stadionunda keçiriləcək. Olimpiada avqustun 21-də başa çatacaq.