Hamburger yeyənlərin CƏZASI
Bir-neçə il bundan əvvəlin söhbətidi. Millimizin almaniyalı çalışdırıcısı Berti Foqts İlqar Qurbanovu komandasında görmək istəmirdi. Özü də bunu israrla və nümayişkaranə şəkildə həyata keçirirdi. Hamımızı təəccübləndirmişdi. Nəyin baş verdiyini soruşurduq. Cavabı isə açıqlanmırdı.Sonradan "müdhiş sirr”in üstü açıldı. Sən demə, İlqar Qurbanov millinin Respublika stadionundakı məşqlərinin birindən sonra yaxınlıqdakı "Fast-food” restoranlarından birinə üz tutubmuş. Toqqasının altını orda verilən hamburgerlə və "free” kartofla bərkitmək istəyirmiş. Onun qazlı su içib-içmədiyi haqda isə dəqiq məlumat yox idi.İlqarın bu "cinayəti” almaniyalı qocanı elə qəzəbləndirmişdi ki, millinin qapısı onun üzünə bir əfəlik bağlandı. Deyəsən, Foqts gedər ayaq AFFA-nın başbilənlərindən ricada bulunub. Onlardan xahiş edib ki, indiyə qədər mənimlə içdiyiniz pivəyə, yediyiniz sosiskaya hörmət edirsizsə, mənim əlimdə qazandığınız pulların burnunuzdan gəlməsini istəmirsizsə, İlqarı bir daha milli komandaya yaxın buraxmayın. Eşidəm-biləm ki, mən gedəndən sonra o futbolçunun ayağı millinin düşərgəsinə dəyib, sizi bağışlamaram. El-aləmdə sizi rəzil edərəm.Sağ olsunlar, Foqtsun tapşırığına əməl ediblər. Odu-budu İlqarı millinin heyətinə çağırılan, ora namizəd sayılanlar sırasında görməmişik. Hamburger yeyən, kartoşka ilə bəslənən İlqar neçə illərdi "Qarabağ”ın heyətinə "dəmir atıb”. Ardıcıl mükafatlar qazanır, Avropa Liqasının qrupunda oyanyır, Qurban Qurbanovun "gizli silahı”dı. Bir qapıçı Şehiçi əvəzləməyib. Qalan bütün mövqelərdə sınanıb, Qurban bəyin üzünü ağardıb. Amma bütün bu nailiyyətlər onun milliyə çağrılması üçün yetərli olmayıb.Onun hansı yeməkləri xoşladığını bilmirəm. Meydanda sərgilədiyi oyunundan başqa əxlaqı və davranışıyla da hamıya nümunədi. Daş kimi düşdüyü yerdə ağır olub. İllərdi "Qarabağ” ailəsinin üzvüdü. Qalmaqallarla diqqət mərkəzinə düşmür, başını aşağı salıb, öz işiylə məşğuldu.İlqarın hamburger yeməsini indi boşuna xatırlamadım. Bu yaxınlarda Kamran Ağayevin hamburger reklamına çəkildiyini gördüm. Adətən, bu cür qidalar sağlam yemək yeməyi sayılmır. Valideynlər mümkün qədər övladlarını belə yeməklərdən uzaq tutmağa çalışırlar. Amma Kamran həvəslə böyük bir hamburgeri qarşısına qoyub, başqalarını da onu yeməyə həvəsləndirir. Özü bilər. Yanvarın ortasından bəri futbol oynamayan adam hansısa işlə məşğul olmalıdı. Onu başa düşürəm. İndi söz bizim millinin məşqçilər korpusunundu. İlqar Qurbanovu "Fast-food” yeyilən restorana girməsi onun illərlə milli komandaya həsrət qalmasıyla nəticələndi. Baxmayaraq ki, klubunda sabit çıxış edirdi, həmişə nümunəvi sağlam həyat tərziylə seçilirdi. Sizin sevimli Kamranınız isə hamburger yeməklə kifayətlənmir, onu həm də təbliğ edir. Cəzası nə olacaq?
Sport7.az