"Qarabağ" azarkeşlərinə AVTOBUSLAR AYRILACAQ- RƏSMİ
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün UEFA Çempionlar Liqasının III turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Ağdam) – “Atletiko” (Madrid) oyunu ilə əlaqədar tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxt sakinlərinə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, tamaşaçılar stadiona sərbəst şəkildə gələ bilərlər: “Tamaşaçıların stadiona daşınması nəzərdə tutulmayıb. Bu sərbəst şəkildə həyata keçiriləcək. Lakin buna baxmayaraq, stadion ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərdən yarışın keçiriləcəyi Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri xahiş olunur”. V. Əsədov həmçinin qeyd edib ki, oyun başa çatdıqdan sonra tamaşaçıların avtobuslarla daşınması təmin ediləcək: “Stadiona toplaşmış tamaşaçılar oyun başa çatdıqdan sonra üç istiqamətdə - metronun “28 May”, “Qara Qarayev” və “20 Yanvar” stansiyaları istiqamətlərində onlar üçün ayrılmış xüsusi avtobuslarla daşınacaqlar”.