“Madriddən xalla qayıtmaq istəyirik” - TAHİR GÖZƏL

“Madriddən xalla qayıtmaq istəyirik” - <b style="color:red"> Tahir Gözəl</b>

Qarabağ”ın prezidenti Tahir Gözəl Madridə yollanan azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. Qol.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- “Qarabağ” ilk oyunda Bakıda “Atletiko” ilə heç-heçə etməklə hamımızı sevindirdi. Bu uğurlu nəticənin davamını Madriddə gətirmək mümkün olacaq?

- Bu, bizim üçün tarixi oyundu. Madriddə nəticə qazanmaq “Qarabağ” üçün vacibdi. Əlimizdən gələni edəcəyik. Səfərdən xalla qayıtmaq istəyirik. Bu, bizim arzumuzdu. Həyəcanla, inamla oyunu gözləyirik. İstəyirik ki, xalımızı alıb geri qayıdaq

- Bakıdakı ilk oyundan sonra “Atletiko” rəhbərliyi nəticə ilə bağlı sizə nəsə dedimi?

- Oyundan sonra “Atletiko”nun prezidenti məni təbrik etdi. Bildirdi ki, möhtəşəm oynadız. Bu sözləri “Atletiko”nun prezidentindən eşitdim. Səfərə ümidlə yollanırıq. Görək necə olacaq. Düzdür, heyətdə zədəlilərimiz var - Mahirdi, Bədavidi. Bununla belə, hesab edirəm ki, “Qarabağ” vətənə gözəl nəticə ilə başıuca qayıdacaq. Buna inanıram. 

- “Atletiko” ilə səfər matçını “Qarabağ” üçün ən ağır oyun hesab etmək olar?

- Olar. “Atletiko” demək olar ki, bircə “Çelsi”yə uduzub. O da 90+4-cü dəqiqədə buraxdığı qolla. Qarşımızda nəhəng komanda var. Bakıdakı oyundakı kimi pressinq tətbiq edib, mübarizə aparsaq, istədiyimiz nəticəni qazanacağımıza inanıram. 

- Bakıdakı nəticəyə əsasən “Atletiko”nun acıqlı olması mümkündür?

- Onlar daha hazırlıqlı olacaqlar. Bakıdakı nəticə onlar üçün şok idi. Heç kim bunu gözləmirdi. Amma biz də oyuna hazırıq. 

- “Qarabağ” artıq pik nöqtəyə çatıb, Çempionlar Liqasının qrupunda oynayır. Bundan sonrakı “Qarabağ”ın inkişafını nədə görürsüz?

- İnkişafı cavanlarda götürəm. O gün bir klub rəhbəri ilə bu barədə söhbətimiz oldu. O qeyd etdi ki, artıq 5 yaşından uşaqları komandaya götürürlər. Gələcək yerli uşaqlardadı. Ən güclü legionerləri transfer etməyə heç vaxt gücümüz çatmayacaq. “Çelsi”nin büdcəsi bizdən dəfələrlə çoxdur. Amma biz onlara qarşı ciddi hazırlaşırıq. 

- “Qarabağ”ın gələn il də ÇL-in qrupunda oynayacağına inanırsız? 

- Əlbəttə. Biz burdan qayıtmaq istəmirik. Hazırkı dönəm Qarabağ, Azərbaycan üçün çox həssasdı. Siyasi cəhətdən çox vacibdir bu illər. İnkişaf etməliyik, bir yerdə dayanmaq olmaz. Amma ÇL-in qaydalarında bəzi dəyişikliklər olub. Orta və kiçik klubların qrupa düşməsini çox çətinləşdiriblər. Hələ də başa düşmürəm ki, niyə belə addım atılıb. Bizim kimi klubları dəstəkləmək istəyirlərsə, kömək etməlidirlər. “Roma”nın, “Atletiko”nun oyununa baxın. Artıq “Qarabağ”ı dünya tanıyır. Büdcə baxımından biz kiçik klub olsaq da, artıq tanınırıq. 

- “Qarabağ”ın maliyyələşməsində hər hansı problem yoxdu?

- Şükür, heç bir problem yoxdu. Bütün neft ölkələri kimi Azərbaycan da böyük çətinliklərdən keçdi. Amma bizdə neftin qiymətinin düşməsinin o qədər də təsirin olmadı. “Azərsun Holdinq” də bu dönəmi uğurla adladı. Maddi cəhətdən problemimiz yoxdu. 

- Ölkə çempionatında əsas rəqib qismində hansı komandanı görürsüz?:

- Birinci “Qəbələ”nin adını çəkməliyəm. Onlar bizə qarşı möhtəşəm oynadılar. Hətta deyərdim, “Atletiko” ilə oyuncəsi bizə kömək etdilər. Rahatlaşmaq olmaz. Əsas rəqibimiz “Qəbələ”di. “Neftçi” də artıq özünə gəlib. İnşallah, hər şey yaxşı olacaq. Gözəl çempionat izləyəcəyimizə inanıram. 

- Son günlər Qurban Qurbanovun adı milli ilə yanaşı hallanır...

- Bizə hər hansı rəsmi müraciət olmayıb. Belə bir təklif olsa, bir şərt deyəcəm. “Qarabağ” Azərbaycanı sevən hər kəs üçün dəyərdi, addı. Heç vaxt bu komandaya zərər gəlməməlidir. Əgər zərər gəlməyəcəksə, biz tərəfdən problem olmaz. Azərbaycan futbolunun xeyrinə olan hər məsələyə müsbət baxıram. Amma Qurban hoca ilə bu barədə hər hansı danışığımız olmayıb. Yəni onun milliyə getməsi variantı üzərində düşünməmişik. 

- Təklif gəlsə, sizin reaksiyanız necə olacaq?

- “Qarabağ”a zərər verməmək şərti ilə.... Hər şey şərtlərdən asılıdır. Millinin adı önəmlidi. Hamımız yığmanı dəstəkləyirik. Başqa cür ola bilməz.






Fikirlər