“Beynəlxalq BANK işi” yeni mərhələyə adladı

Tanınmış iqtisadçı 6 milyardın geri qaytarılmasının yolunu göstərdi 

 

Yarıdan çoxu dövlətə məxsus olan Beynəlxalq Bankdakı problemli kreditlər məsələsi bitmək bilmir. Ötən ilin martından ümidsiz kreditlərin administrativ üsullarla geri qaytarılmasına hesablanan qərar da gözlənilən nəticəni vermədi. Bəzi məlumatlara görə, 200-dən artıq iş adamı bu gün istintaqa cəlb olunub. 
 
Bu gün iş üzrə həbsdə olan şəxslər sırasında bankın vaxtilə rəhbəri olmuş Cahangir Hacıyev, baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov, “Qara polkovnik” kimi tanınan mərhum Fətulla Hüseynovun oğlu Adil Hüseynov, Orta Asiya ölkələrindən birində Azərbaycanın səfiri olan şəxsin Kamal adlı qardaşı, Cahangir Hacıyevin bacanağı, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadə kimi tanınmışlar da var. İş üzrə tutulan, sonradan azad olunanlar da az deyil. Belə şəxslər sırasında “Xəzər adaları” layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli, “PNN Group”un sahibi Nizami Piriyev kimi tanınmış iş adamları da olub. 
 
Administrativ üsullarla Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması hansı üsullarla əvəzlənə bilər? Sahibkarların həbsi kreditlərin geri qaytarılmasına əngəl yaratmırmı? 
 
Bu və digər suallarla tanınmış iqtisadçı, “Güzaran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimliyə müraciət etdik. Q.İbrahimli deyir ki, kredit məsələsi mülki məsələdir və mənimsəmə faktı üzə çıxarıldığı halda işə hüquq-mühafizə orqanları qarışa bilər: “Bu və ya digər sahibkar kredit götürübsə və geri qaytarmırsa, məsələ mülki məhkəmədə araşdırılmalıdır. Sahibkara imkan verilməlidir ki, öhdəliklərini yerinə yetirə bilsin. Sahibkarı həbs etməklə, cəzalandırmaqla vəsaitlərin bərpa olunmasına nail olmaq mümkün deyil”.
 
İqtisadçı deyir ki, bu və ya digər sahibkar kredit alarkən girovlar təqdim edib. Əgər sahibkar krediti qaytarmırsa, bu halda kreditin təminatı - girov qoyulmuş əmlak satılıb kredit məbləği banka ödənilməli, yerdə qalan məbləğ varsa, sahibkara qaytarılmalıdır: “Nizami Piriyevi, Hacı İbrahim Nehrəmlini saxlayıb onlarla qara dustaq kimi davranmaqla bu adamların aldıqları böyük kredit məbləğlərini geri qaytarmağa çalışmaq gülüncdür. Yadınızdadırsa, Nizami Piriyevin həbsindən sonra onun vəkili Muxtar Mustafayev onun adından açıqlama yaydı. Həmin açıqlamadan bəlli olurdu ki, Nizami Piriyevi gündə 3 dəfə döyüb ondan Beynəlxalq Bankdan aldığı kreditləri geri qaytarmasını tələb edirlər. Hacı İbrahim Nehrəmlinin döyülməsi haqda özünün, vəkilinin açıqlaması olmasa da, onunla da sıradan qara dustaq kimi davranıldığının şahidi olduq. Bu adamlar iş adamlarıdır. Nizami Piriyev ölkəyə Toni Bleyeri dəvət etmiş şəxsdir. Onlar krediti alıblar və kreditin qaytarılması qrafiki var, müddət bitməmiş onlardan və digər sahibkarlardan kreditlərin geri tələb olunması ölkədə iş yerlərinin bağlanılmasından başqa heç nəyə xidmət etmir”.
 
Q.İbrahimli deyir ki, Beynəlxalq Bankdan kredit almış sahibkarların geniş biznes şəbəkəsi var və kreditlərin geri ödənməsində həmin şəbəkələrdən gələn gəlirlərə məhkəmə qaydasında həbs qoyulması yolu ilə də nail olmaq mümkündür: “Nizami Piriyev həbs olundu. Bundan sonra aydın oldu ki, adamın ”PNN Group" şirkəti “De Beers” və “Hamley’s” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar. “PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib. Nizami Piriyev 2006-cı ildə Azərbaycana gəlib. Burada “AzMeCo”nu təsis edərək regionda ilk metanol zavodunu tikməyə başlayıb. 350 milyon dollara başa gələn müəssisə 2013-cü ildə fəaliyyətə başlamışdı. "AzMeCon"un internet saytında məlumat vardı ki, Nizami və onun qardaşı Nəsib Piriyevlərin Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları, Qazaxıstanda 7 televiziya və radiokanalını, nəşriyyat evini birləşdirən media holdinqi, Özbəkistanda ayaqqabı istehsalı biznesi var. Yəni bu adamların biznes şəbəkəsinə məhkəmə qaydasında, sadə dillə desək, müvəqqəti - kredit borcları ödənənə qədər şərik çıxmaq olardı. Təəssüf ki, bunun əvəzində sahibklarları əzişdirmək, döymək, həbs etmək yolu tutuldu". 
 
Qeyd edək ki, Cahangir Hacıyevin 51 faizi dövlətə məxsus olan Beynəlxalq Banka rəhbərliyi dövründə bankın ümumi kapitalının həcmi 8 milyard manat olub. Bəzi məlumatlara görə, C.Hacıyev bankı təhvil verərkən həmin məbləğin 6 milyard manatı problemli, geri qaytarılması müşkül olan kredit şəklində olub. Administrativ üsullarla - yumruq, təpik, zindana salmaqla 6 milyardın nə qədərinin geri dönməsi naməlumdur.  

 






Fikirlər