MÜHARİBƏ üçün lazımi maliyyə və iqtisadi gücümüz varmı?
Samir Əliyev: “Qısamüddətli müharibə ölkə iqtisadiyyatına ziyan vurmayacaq” Təmas xəttində hərbi aktivliyin artması müharibə ehtimalını daha da artırır. Maraqlıdır, faktiki olaraq düşmən ordusu ilə toqquşmaya cəlb edilən Azərbaycanın mühribə üçün lazımi maliyyə və iqtisadi gücü varmı? Bu güc Ermənistan üzərində qalibiyyəti təmin etmək üçün yetərlidirmi? Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən iqtisadçi ekspert Samir Əliyev qısamüddətli müharibənin Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcəyini vurğuladı: “Təbii ki, istənilən müharibə dövlətin büdcəsi hesabına başa gəlir. Müharibə xeyli dərəcədə ölkə iqtisadiyyatına zərər vurur. Bu zərər özünü onda göstərir ki, ölkə torpaqları işğal olunur, təsərrüfatlar dağılır, hərbi sahəyə daha çox vəsait sərf olunur, işçi qüvvələri müharibəyə yönəldilir və s. Bu səbəbdən də ölkə iqtisdiyyatı üçün çox böyük zərər meydana gəlir. Hazırda baş verən hərbi əməliyyatların ölkəmiz üçün zərəri yoxdur. Əgər aktiv hərbi əməliyyatlar uzun müddətli olarsa, bu, təbii ki, ölkə iqtisadiyyatlı üçün əlavə xərc deməkdir. Doğrudur, bizim torpaqlarımız onsuz da işğal olunub. Hazırkı iqtisadiyyatlmız həmin torpaqların iştirakı olmadan formalaşıb. Buna görə də artıq hansısa təsərrüfatın dağıdılmasından söhbət gedə bilməz. Nizami orduya malik olduğumuz üçün hələlik əmək qüvvələrinin də ordu sıralarına cəlb edilməsinə ehtiyac yoxdur. Silahlı Qüvvələrimiz, onların maddi-texniki bazası əvvəlki büdcələrin hesabına formalaşıb. Lazımi vəsaitlər xərclənib, alınması gərəkən silah-sursat alınıb. Hesab edirəm ki, qısamüddərti bir müharibə olarsa, bu, bizim büdcəmizə ciddi bir zərər vurmayacaq. Lakin müharibə uzunmüddəli olarsa, o zaman bu, büdcə və iqtisadiyyata daha ciddi təsir göstərə bilər. Çünki hazırda dövlət büdcəsi neftin ucuz olmasından əziyyət çəkir. Bu baxımdan qısamüddətli müharibədən fərqli olaraq, uzunmüddətli müharibənin ölkə iqtisdiyyatına daha ciddi təsir göstərəcəyi şübhəsizdir”.