Sabiq deputat nazirliyi məhkəməyə verdi
"Avropa Qapıları" adı ilə qapı və mebel istehsal edən "Tağıyev" şirkətinin direktoru Aqil Qasımov İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini məhkəməyə verib.
Bakı Apellyasiya Məhkəməsindən AzVision.az-a verilən məlumata görə, nazirliyin məhkəməyə verilməsinin səbəbi şirkət haqqında çıxarılan qərarın ləğv edilməsidir.
Qeyd edək ki, 2013-cü ilin may ayında İqtisadi İnkişaf Nazirliyi məlumat yaymışdı ki, "Avropa Qapıları" adı ilə qapı və mebel istehsal edən "Tağıyev" şirkəti istehlakçıların hüquqlarını pozur. "Avropa Qapıları" adı ilə qapı və mebel istehsal edən "Tağıyev" şirkəti tərəfindən istehlakçı hüquqlarının pozulması barədə vətəndaşlar Yarməmməd Əhmədov və Məhəmmədəli Əfəndiyev tərəfindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə materiallar təqdim edilib. Həmin sənədlər əsasında aparılmış araşdırmalar nəticəsində istehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması barədə Dövlət Xidməti tərəfindən "Tağıyev" şirkətinə icrası məcburi göstəriş verilib.
Göstərişin yerinə yetirilməsi barədə şirkət tərəfindən Dövlət Xidmətinə məlumat verilmədiyi üçün göstərişin icra vəziyyətinin müəyyən edilməsi məqsədilə "Tağıyev" şirkətində yoxlama aparılıb.
Yoxlama nəticəsində "Tağıyev" şirkəti tərəfindən vətəndaşlar Yarməmməd Əhmədov və Məhəmmədəli Əfəndiyevlə bağlanmış müqavilələrdə nəzərdə tutulan müddətlərə əməl olunmadığı, ödəniş şərtləri pozularaq hazırlanmış məhsulların dəyərinin istehlakçılardan onların faktiki ünvanında deyil, yaşadıqları binanın həyətində tələb olunduğu müəyyən edilib. Aşkar edilmiş pozuntularla əlaqədar müəssisəyə mövcud qanunvericiliyə uyğun olaraq, 4000 manat məbləğində cərimə tətbiq edilib.
Xatırladaq ki, “Avropa Qapıları”nın sabiq deputat Baba Tağıyevə məxsus olduğu bildirilir.