Dünya Bankı NEFT-QAZ layihələrinə KREDİT ayırmayacaq - SƏBƏB

“Bu, dünyanın alternativ enerji mənbələrindən istifadəyə və daha təmiz bir ekologiyaya qovuşması üçün atılan addımlardan biridir”

Yaxın iki il ərzində Dünya Bankı (DB)  neft-qaz layihələrinin maliyyələşdirilməsini dayandıracaq. Bunu “Bir planet” zirvə görüşündəki çıxışında DB-nin prezidenti Cim Yun Ki bildirib. 2019-cu ildən sonra DB neft və qazın kəşfiyyat və hasilat işlərinin maliyyələşdirilməsini dayandıracaq. Yalnız “xüsusi hallar”da çox kasıb ölkələr üçün enerji mənbələrinə çıxışı təmin etmək məqsədilə layihələrin Paris iqlim sazişinə uyğun gəldiyi vəziyyətlərdə maliyyələşdirilmə mümkün ola bilər.  Cim Yun Kim həmçinin istixana qazları tullantılarının azaldılması üzrə ölkələrə yardım təşəbbüslərindən söhbət açıb.

Bəs görəsən, Dünya Bankının bu qərarının arxasında nə dayanır?

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu çox maraqlı qərardır: “Sonuncu Paris toplantısının İqlim dəyişiklikləri ilə bağlı paktına uyğun bir qərardır. Orada bu pakta bir  müddəa əlavə edilmişdi, bu da 190-a yaxın ölkə tərəfindən dəstəklənmişdi ki, havanın çirklənməsinə səbəb ola biləcək layihələrin maliyyələşməsi böyük beynəlxalq maliyyə qurumları tərəfindən dayandırılsın və alternativ enerji layihələrinə üstünlük verilsin. Bu qərarın verilməsi həm Paris protokolu ilə əlaqəlidir, həm də dünyada artıq yeni bir eranın başlanğıcının dolayısı ilə sübutudur. Çünki alternativ enerji layihələri kifayət qədər sürətlə inkişaf edir. Hətta alternativ enerji ilə bağlı inkişaf tempi 2010-cu ildə verilən proqnozlardan da 3-4 dəfə artıq sürətlə gedir. Bir çox ölkələr var ki, artıq alternativ enerji mənbələrindən özlərini tamamilə təmin etmək qabiliyyətinə malikdirlər. Məsələn, Çili son 1 ildir ki, elektrik enerjisinin tamamını alternativ enerjidən alır. Bu baxımdan bir neçə ay əhaliyə enerjinin pulsuz verilməsi ilə bağlı qərar verilib. Danimarka kimi Avropa ölkəsi artıq öz enerji tələbatının 50 faizindən çoxunu alternativ enerji mənbələrindən ödəyir. Bu proses çox sürətlə gedir”.

Image result for Natiq Cəfərli

Natiq Cəfərlinin sözlərinə görə, dünyanın böyük maliyyə institutları, o cümlədən Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avrasiya İnkişaf Bankı və digər böyük ailə qurumları artıq bu tendensiyadan çıxış edərək dünyadakı ekoloji problemlərin dərinləşməsinin qarşısını almaq üçün bu tipli qərarlar verməyə başlayıblar: “Bu qərardan sonra bir neçə böyük maliyyə qurumları da analoji qərarlar verməklə bağlı toplantılar keçirəcək. Ümumiyyətlə, 2020-ci ildən sonra alternativ  mənbələrdən alınan enerji dünya enerji istehsalının çox mühüm bir hissəsini təşkil edəcək. Bir çox ölkələrin bununla bağlı proqramı qəbul olunub. Həm Avropada, həm Asiyada, hətta Latın Amerikası ölkələrində belə qərarların verilməsi gözlənilir. Ona görə də bu qərar həm də simvolik xarakter daşıyır. Dünyanın yeni alternativ enerji mənbələrindən qidalanan yeni bir eraya, daha təmiz bir ekologiyaya qovuşması üçün atılan addımlardan biridir”.

Qərarda o da qeyd edilir ki, istisna hal kimi çox kasıb ölkələr üçün enerji mənbələrinə çıxışı təmin etmək məqsədilə layihələrin Paris iqlim sazişinə uyğun gəldiyi vəziyyətlərdə maliyyələşdirilmə mümkün ola bilər.

N.Cəfərli bildirdi ki, bu, sosial məsələ kimi qaldırılıb: “Söhbət ondan gedir ki, bəzi Asiya və Afrika ölkələrində inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələr  var ki, neft və qaz  resursları onların taleyində mühüm rol oynayır. O ölkələrdə enerji layihələrinin maliyyələşməsi istisna hallarda mümkündür.  Bu da müvəqqəti xarakter daşıyacaq. Növbəti 5-10 ildən sonra  bu cür layihələrin maliyyələşməsi, kreditlərin ayrılması tamamilə azalacaq".

Image result for Dünya Bankı neft-qaz layihələrinə

İqtisadçı onu da qeyd etdi ki, bu qərarın Azərbaycana da təsiri olacaq: “Bu günə qədər biz də müxtəlif beynəlxalq maliyyə qurumlarına kredit üçün müraciət etmişik, əsasən  də TANAP və TAP layihəsi ilə bağlı bir neçə kredit  xətti də açılıb. Gələn il də bu danışıqlar davam edəcək. 2019-cu ildən sonra belə bir qərarın qüvvəyə minəcəyini nəzərə alsaq, gələn il də beynəlxalq qurumlardan hələ  də kredit almaq imkanı var. Çox güman ki, Azərbaycan hökuməti bu danışıqları davam etdirəcək və 2019-cu ilə qədər yeni kredit xətləri açılacaq. Dünya Bankı ilə Azərbaycanın bir çox layihələrdə əməkdaşlığı var. Enerji layihələri ilə bağlı da müraciətlər olunub. Ancaq bu günə qədər enerji layihələrində əsas fondlar Avropa İnkişaf  Bankı və Asiya İnkişaf Bankı olub. Dünya Bankı ilə əlaqələr isə daha çox logistika və nəqliyyat koridorları üzrədir. Bundan sonra da bu əlaqələr davam edəcək. Azərbaycanın Dünya Bankına TANAP və TAP-la bağlı da müraciətləri var. Bu günə qədər həmin müraciətlər təmin edilib və 800 milyon dollar ödənilib, gələn il üçün də bu danışıqlar davam edəcək. Növbəti ildə də ola bilər ki, Dünya Bankının enerji layihələrinə ayırdığı son kreditlərdən biri də Azərbaycana olacaq”.

Image result for Dünya Bankı neft-qaz layihələrinə

Natiq Cəfərlinin sözlərinə görə, Dünya Bankının neft-qaz sektoruna kredit ayırmaqdan imtina etməsi bu sektorda istehsalı azaltmayacaq: “Bu qərar neft-qaz istehsalına təsir etməyəcək. Çünki dünyada neft istehsalına yanaşma da dəyişib. Əvvəllər neft istehsalında ən çox pul  aparan məsələlərdən biri kəşfiyyat məsələsi idi ki, ənənəvi  olaraq çox böyük vəsaitlər xərclənirdi, quyular qazılırdı, o quyulardan çox zaman istənilən nəticəni almaq mümkün olmurdu. Yeni texnologiyalar ilə yerin  təxminən 10 kilometrə qədər alt qatlarını  3D texnologiyası ilə kosmosdan  skan olunması mümkündür. Artıq kəşfiyyat işlərinə çox cüzi vəsait  xərclənir. İkinci məsələ, buruqların qurulması və düz qazıntı işlərinin aparılması idi ki, çox xərc aparırdı. İndi artıq maili qazıntı texnologiyası geniş yayılıb və neft layihələrinin  maya dəyərini xeyli dərəcədə aşağı salıb.  Texnologiyaların tətbiqi bu istiqamətdə hər hansı investisiya çatışmazlığına səbəb  olmayacaq. Həm də şirkətlərin özlərinin kifayət qədər vəsaiti var. Sadəcə, bu qərarın yaratdığı təəssürat belədir ki,  təsiri ola bilər ki, artıq dünyada neft erası geridə qalıb, XXI əsr yeni texnologiyalar əsridir”.






Fikirlər