Şok: ARDNŞ 20 min işçisini ixtisar edir!

Şok: ARDNŞ 20 min işçisini ixtisar edir! Yaxın üç ildə Dövlət Neft Şirkətində (ARDNŞ) daha 20 min nəfərin ixtisar ediləcəyi gözlənilir. Bu, şirkətin ayırmalarının, eləcə də məhsulların maya dəyərinin azalmasına səbəb ola bilər.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert İlham Şaban Dövlət Neft Şirkətinin ayırmalarının azalmasını şərh edərkən deyib. Onun sözlərinə görə, 2018-ci ildən ARDNŞ aktivlərinin idarə edilməsində də dəyişikliklər gözlənilir.

Qeyd edək ki, 2013-cü illə müqayisədə 2014-də Dövlət Neft Şirkətinin vergi ödəmələri 15 faiz (310 milyon manat) artdığı halda Dövlət Sosial Müdafiə Fonduna ayırmaları 13 faiz (21 milyon manat) azalıb. İ.Şaban bunu son illərdə şirkətdə aparılan ixtisarlarla izah edib:

“2011-ci il yanvarın 1-nə ARDNŞ-in personalı pik həddə olub - 79,9 min nəfər. 1 yanvar 2014-cü ilə işçilərin sayı 61 min nəfər olub. Yəni 3 ilə 19 min nəfər azalıb - orta hesabla hər il 6,33 min nəfər. Məndə olan dəqiq məlumata görə, yaxın 3 ildə daha 20 min nəfər də ixtisar olunacaq. Beləliklə, ARDNŞ-in məhsullarının maya dəyəri də kifayət qədər azalacaq”.

Qeyd edək ki, Dövlət Neft Şirkətinin istehsal etdiyi bəzi məhsullarda əmək haqqı 30 faiz təşkil edir.

İ.Şaban 2018-ci ildən etibarən şirkətin bir sıra aktivlərini satışa çıxaracağını da proqnozlaşdırıb.

“Digər aktivlərini səhmdar obyektlərinə çevirəcək, başqa PSA aktivləri isə öz nəzarətinə keçirəcək. Yəni dövlət özünün ən qiymətli aktivi ilə sonadək stol arxasında oyun oynamaq fikrindədir. Çünki bilir ki, bu aktiv ona pul gətirir”.






Fikirlər