“Azərbaycanda banklar başlarını itiriblər” - İDDİA
Modern.az-ın məlumatına görə, bunu bank sahəsi üzrə ekspet Əkrəm Həsənov bildidib.
”Bu ən azı ondan görünür ki, xarici valyutada verilən kreditin hansı məzənnə ilə geri qaytarılması kimi sadə məsələ haqda sual yaranıb və indiyədək həllini tapmayıb. Mərkəzi Bank və banklar isə bank qanunvericiliyindəki problemlər qarşısında acizdir və başlarını itiriblər. Əslində, bu o deməkdir ki, Azərbaycanda normal bank yoxdur. Çünki normal bank ilk növbədə bank qanunvericiliyinin səviyyəsi ilə maraqlanmalı, onu təkmilləşdirməyə cəhd etməlidir. Etmirsə, deməli, əməliyyat risklərini idarə etmir. Əməliyyat riskini idarə etməyən bank isə normal bank deyil və deməli, heç bir riskini normal idarə etmir. Başqa sözlə, daim risk mənbəyidir. Heç belə banka da etibar etmək olar?!”.
Ekspert deyir ki, “Mərkəzi Bank haqqında” və “Banklar haqqında” Qanunlar 11 il əvvəl qəbul olunub, onlara dəfələrlə düzəlişlər edilib, amma həmin sənədlər yenə ən səviyyəsiz qanunlarımız sırasındadırlar.
”Mülki Məcəllənin pul öhdəliyi, borc (kredit), bank əmanəti və bank hesabı müqavilələrinə dair müddəaları isə 1999-cu ildə necə qəbul olunubsa, elə də durur. Halbuki, həmin müddəalarda problem çoxdur, o cümlədən bankların özü üçün.
Mərkəzi Bank, banklar, onları birləşdirən Banklar Assosiasiyası indiyədək bu problemləri həll etməyib, qanunvericiliyə düzəlişlər haqda təşəbbüs göstərməyiblər. Fikir verin, maliyyə naziri dəyişən kimi Mülki Məcəllənin sığorta haqda müddəalarına ciddi düzəlişlər edildi. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri dəyişən kimi Mülki Məcəllənin qiymətli kağızlara dair müddəalarına xeyli düzəlişlər edildi. Mülki Məcəllənin bank fəaliyyətinə aid olan müddəaları isə olduğu kimi, yəni qüsurlu və problemli şəkildə qalır. Görünən odur ki, Mərkəzi Bankın da sədri dəyişməyincə sözügedən problemlər qalacaq”.
Ə.Həsənov deyir ki, ötən ilin oktyabrın 31-də Prezident sərəncamı ilə Nazirlər Kabinetinə 6 ay müddətində Bank Məcəlləsinin layihəsini hazırlamağı tapşırılıb. Bu tapşırıq Mərkəzi Banka verilməyib.
”Deməli, bank qanunvericiliyinin təkmilləşdirilməsi məsələsi gündəmdədir, ölkə rəhbərliyi bunu etmək istəyir, amma Mərkəzi Bankın indiki rəhbərliyinə bu məsələni etibar etmir.
Yaxşı bəs bank qanunvericiliyində bu qədər problem varsa, niyə bankların müştəriləri indiyədək bundan yararlanaraq bankları cəzalandırmayıblar? Əvvəla, ona görə ki, fərdi halda müştərilər məhkəmə proseslərində, bir qayda olaraq, banklar qarşısında acizdirlər. Tək əldən səs çıxmaz. Digər tərəfdən isə, bank biznesi və bank qanunvericiliyi xüsusi sahədir. Hər bir iqtisadçı bank biznesinə tam bələd olmadığı kimi, hər hüquqşünas da bank qanunvericiliyinin incəliklərini bilmir. Təbii, iqtisadçıların bank qanunvericiliyindən, hüquqşünasların da bank biznesindən başı çıxmır. Banklar da bundan istifadə edir. Bankların müştərilərlə bağladıqları müqavilələr də, bir qayda olaraq, problem və boşluqlarla doludur. Amma istifadə edən yoxdur.
Bəs bu problemləri indiyədək qaldıran olmayıb? Olub. Ən azı mən qaldırmışam. Mən hüquqşünasam. Ali iqtisadi təhsilim də var. Amma özümü ilk növbədə hüquqşünas hesab edirəm. Bununla belə, bank sistemindəki 10 ildən artıq təcrübəm (Mərkəzi Bankda son vəzifəm – Ümumi qanunvericilik şöbəsinin rəisi, “Bank of Baku”da – Hüquq departamentinin direktoru, Bank VTB (Azərbaycan) – İdarə Heyəti sədrinin müavini) mənə həm bankirləri, həm də hüquqşünasları başa düşməyə imkan verir. Buna görə də 2006-cı ildən etibarən bank hüququ sahəsində problemli məsələlərə dair həm Azərbaycan, həm də rus dilində bir sıra məqalə yazmışam (bunu ona görə deyirəm ki, məni yaxından tanımayanlar soruşurlar: “niyə indiyədək bunları deməmisən?”).
2011-ci və 2013-cü illərdə isə rus dilində “Azərbaycanın bank hüququ” adlı monoqrafiyam dərc olunub. Orada bildiyim bütün problemləri açıq-aşkar yazmışam. Kitabın ikinci nəşrini çapdan əvvəl hətta Mərkəzi Banka da göndərmişəm rəy üçün və xahiş etmişəm ki, razı olmadıqları məqamları bildirsinlər, kitabda əks etdirim. Lakin cavab gəlməyib: yəqin, kitabdakı tənqidlə tam razı olublar.
Niyə Mülki Məcəllənin şərhinə dair iki kitabımdan fərqli olaraq, bu kitabı rus dilində yazmışam? Ona görə ki, bankirlərimizin əksəriyyəti rusdillidir...
Uzun sözün qısası, bank qanunvericiliyinin ciddi islahata ehtiyacı var. İndi əsl məqamıdır. Cəmiyyətimiz üçün olduqca əhəmiyyətli olan bu məsələdə ictimai müzakirələrə böyük ehtiyac var”.