Biznes kreditləri azalır, istehlak kreditləri artır: Banklar real sektora XİDMƏT EDİRMİ?!

Manatın məzənnəsinin qeyri-sabit olduğu və problemli kreditlərin daha çox aktual olduğu dövrdə  banklar yüksək həcmdə kreditləşmədən çəkinsələr də, son aylar tendensiya dəyişib. Ənənəvi olaraq kommersiya bankları yenə yüksək faizli istehlak kreditlərinə üstünlük verir və gəlirlərini artırmağa çalışırlar. Statistikaya görə, avqust ayına bank sektorunun aktivlərinin 44.7 faizini kredit portfeli təşkil edib. 

Ay ərzində kredit portfeli 1.4 faizlə (184.1 mln. manat) artaraq 31 avqust 2019-cu il tarixinə 13,526.4 mln. manat təşkil edib. Kredit portfelinin 61.5 faizini biznes, 38.5 faizini isə istehlak kreditləri təşkil edir. Ay ərzində istehlak kreditləri 2.4 faiz, biznes kreditləri isə 0.8 faiz artıb. Aktivlərin 45.7 faizini xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34.8 faizi xarici valyutadadır.

Bəs, istehlak kreditlərinin bu qədər sürətlə artmasını doğuran səbəblər, eləcə də bu durumun ümumilikdə bank və maliyyə sektoruna, iqtisadiyyata təsirləri nələrdir? 

Musavat.com-a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Vüsalə Əhmədova bildirdi ki, cari ilin 6 ayı ərzində ümumi kreditlərdə 3,6% artım baş verib, bunun da əksər hissəsi istehlak kreditlərinin payına düşüb: “Əksinə biznes kreditlərinin 0,3 faiz azaldığı göstərilir. Ümumiyyətlə, real sektora kreditlərdə artım müşahidə olunmur, bu da ölkədə investisiya prosesinin getmədiyini göstərən əsas amildir. Bankların kredit portfelində istehlak kreditlərinin 50 faizə yaxınlaşması isə risklərin artmasından xəbər verir. Təbii ki, banklar yüksək faizlə istehlak krediti verməyə və qısa zamanda gəlir götürməyə daha maraqlıdırlar. Ən az 23-27 faizlə verilən istehlak kreditlərinin ölkədə mövcud 300-500 manat arası orta aylıq əmək haqqı ilə geri ödənilməsi çətinləşdiyi üçün də problemli kreditlərin yaranması qaçınılmaz olur”. 

İqtisadçının sözlərinə görə, illər üzrə statistik göstəricilərə nəzər salsaq, ümumiyyətlə biznes kreditlərinin artdığını görməmiz mümkün deyil: “Məsələn, kənd təsərrüfatına qoyulan kreditlər cəmi 3-5 faiz təşkil edir. İlk növbədə maliyyə mənbələrinin sayının azlığı diqqəti cəlb edir, bu sahədə rəqabət demək olar ki, yox dərəcəsindədir. Əksər banklar biznes krediti heç vermir və ya prosesə fərdi yanaşır. Azərbaycan banklarının təqdim etdiyi biznes kreditlərinin həcminə və faiz dərəcələrinə nəzər yetirsək görərik ki, ən aşağı faiz dərəcəsini illik 16 faizlə (100.000-300.000 manat) Bank BTB təklif edir, ən yüksək faiz dərəcəsi isə ASB Bankda müşahidə olunur hansı ki, illik 27 faizlə  (2.000 manat) təşkil edir. Bundan əlavə, Expressbank 22 faiz (1.000-50.000 manat), Xalqbank 23 faiz (100.000-500.000 manat), Bank of Baku 20-24 faiz (500-70.000 manat), AFB Bank 20-25 faiz (50.000 manat və daha çox), Turanbank isə 20-29 faizlə (500-1.000.000 manat) biznes kreditləri təklif edir. Müddət isə bir qayda olaraq 36 ayadəkdir”. 

Qeyd olunan rəqəmlərdən çıxış edən iqtisadçı hesab edir ki, belə olan halda qeyri-neft sektorunun inkişafından söhbət gedə bilməz deyə düşünürəm: “Tutaq ki, şəxs bankdan kredit götürüb və onu istehsala yönəldib. Amma qurduğu biznes müəyyən səbəblərdən dolayı alınmayıb, ya fövqəladə bir hadisə, ya devalvasiya, ya da böyük inflyasiya baş verib. Bu cür problemlərdən çıxış yolu kimi, bundan bir müddət əvvəl də “interest free banking” sisteminin nəzərdən keçirilməsini tövsiyyə etmişdim. Beynəlxalq arenada ənənəvi bank xidmətləri təqdim edən bir çox nüfuzlu beynəlxalq maliyyə qurumları var ki, “interest free banking” xidmətləri təklif edirlər. Məsələn, Türkiyədə “katılım bankçılığı” olaraq adlandırılan bu növ bankçılıq türk bank sistemində üç bank növündən biri sayılır. Bu model bir növ investisiya bankı xüsusiyyətini daşısa da, fəaliyyət sistemi və fəlsəfəsi tam fərqlidir. Faizsiz maliyyə sisteminin bir sıra spekulyativ fəaliyyətlərə girişməməsi iqtisadi böhrandan daha az zərərlə çıxmasına zəmin yaradır. Məsələn, bank öz müştərisi olan sahibkara investisiya üçün ehtiyacı olan maliyyə dəstəyini tam olaraq təqdim edir. Daha sonra icra edilən biznes fəaliyyətindən əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunan nisbətdə bank və müştəri arasında pay bölgüsü həyata keçirilir. Zərər yaranarsa və bunda müştərinin heç bir səhvi olmazsa bank zərəri öz üzərinə götürür”. 

V.Əhmədovanın sözlərinə görə, ticari əməliyyatların maliyyələşdirilməsində istifadə olunan digər bir əməliyyat növü var ki, kiçik və orta sahibkarlara qısa və orta müddətli kreditlərin çevik mexanizmlə verilməsi təmin edilir: “Məsələn, bank, müştərisinin istədiyi malı satın alaraq ona təqdim edir. Müştəri isə malı satdıqdan sonra malın ilkin dəyərini və satışdan əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunmuş bir qismini banka ödəyir. Bundan əlavə, bank və müştərinin ortaq investisiya qoyuluşları həyata keçirmələri də mümkündür. Ortaq investisiya qoyuluşu nəticəsində icra edilən işdən əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunduğu nisbətdə pay bölgüsü həyata keçirilir. Müştəri icra edilən işə investisiyadan əlavə olaraq həm də, əmək sərf etdiyi üçün təbii olaraq daha çox pay götürür. Hər hansı zərər yarandıqda isə ortaqlar (bank və müştəri) qoyduqları sərmayə nisbətində risk daşıyırlar. Bu metodla əsasən sənaye və kənd təsərrüfatı sahələrinin maliyyələşdirilməsi təmin edilir”. 






Fikirlər