“Qadağandır, amma biz satırıq...”

Sentyabr ayından etibarən Azərbaycanda balıq ovu mövsümü başlayıb. Balıqların kürü tökməsi ilə əlaqədar həm daxili su hövzələrində, həm də Xəzər dənizində aprel-may aylarından tətbiq olunan ov qadağası aradan götürülüb. Boş qalmış mağaza vitrinlərini, piştaxtaları buzlu və qaxac edilmiş balıqlarla yanaşı, təzə balıqlar da doldurmağa başlayıb. Amma bu hələ o demək deyil ki, ən vacib qidalardan olan təzə balıq hamı üçün əlçatandır. Xüsusən də söhbət ekoloji təmiz və təhlükəli olmayan balıq ətindən gedirsə...

Qeyd edək ki, qanunvericilik Azərbaycanın “Qırmızı kitab”ına düşən dəniz sıfı, poru balığı, qaya balığı (kələmo), qızıl xallı balıq (farel), Xəzər qızıl balığı, qılınc balıq, zərdəpər, Xəzər şirbidi, Şirvan külməsi kimi balıq növlərinin, eyni zamanda, nərə cinsli balıqların ovunu qadağan edir. Adı bu siyahıda olmayan digər balıqların ovlanmasına isə icazə var.

Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu il üçün balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvotası) Xəzər dənizinin Azərbaycana mənsub hissəsində 2 min 327,6 ton müəyyən edilib.

Bazarda balıq alveri hələ qızışmayıb...

Metronun “28 May” stansiyasının yaxınlığında yerləşən kənd təsərrüfatı məhsulları bazarında qanunla ovlanmasına icazə verilən balıq növlərinin əksəriyyətinə rast gəldik. Satıcılar deyirlər ki, mövsüm təzə başladığından alıcılıq səviyyəsi o qədər də yüksək deyil. Onların bildirdiyinə görə, il ərzində həm Xəzər dənizindən, həm də çay və  süni göllərdən balıq tutulduğundan əhali balıq sarıdan o qədər də korluq çəkmir. Qiyməti ötən illərlə müqayisədə bir qədər artsa da, bu balıq alıcılarının sayına az təsir edib. Satıcılar iddia edirlər ki, əvvəllər qiyməti bir qədər baha olan farel, xəşəm, nərə kimi balıqların alıcısı çox idisə, hazırda ən çox satılan qiyməti nisbətən ucuz kefal, sazan, xanı balıqlarıdır. 

“Mövsüm rəsmi olaraq başlayıb, amma  hələ soyuqlar tam düşmədiyinə görə alver elə də güclü deyil. Yəqin ki, hava soyuyanda ticarət qızışacaq. Bizdə satılan balıqların hamısı yerlidir, əsasən, Mingəçevir, Lənkəran, Neftçala, Şəmkir rayonlarından gətirilir. Daimi müştərilərimiz var, həmişə gəlib bizdən alırlar”, - Sabir adlı satıcı virtualaz.org-a deyir.

Onun sözlərinə görə, ən çox satılan balıq sazan, naqqa və xanıdır. Bazarda bu balıqların kiloqramı 5,5 -6,5 manat arasında satılır.

Digər satıcı isə deyir ki, sazan, beluqa Xəzərdən tutulsa da, xanı balığı süni göllərdə yetişdirilir: “Bizdə Naxçıvan balığı da olur, amma o qədər də çox deyil. Dadında da fərq ola bilər, amma bu balığın gəlib Bakıya çıxması baha başa gəldiyinə görə, qiyməti bir qədər yüksəkdir, 7-9 manat. Alıcılar daha çox ucuz balıqlara üstünlük verirlər. Ən çox satdığımız isə xanı balığıdırır. Bura Balakən rayonundan, Alazan çayından tutulub gətirilir”.

“Qazancımızın çoxu yerpuluna gedir” - satıcı

Həmsöhbətimiz deyir ki, hazırda satdıqları ən bahalı balıq naqqadır. Kiloqramı 11 manata satılır. Amma  istəsək sifarişlə nərə balığı da gətirə bilərlər: “Nərənin ovlanması qadağandır, amma istəsəniz təşkil edərik. Açıq satışa icazə vermirlər, ona görə ancaq sifariş olanda gətiririk”.

Satıcının sözlərinə görə, bazardan evə təmizlənmiş balıq aparmaq istəyənlər əlavə 1-2 manat da ödəməlidirlər. Balıq elə piştaxtanın kənarındaca təmizlənir, içalatı çıxarılır və yuyularaq alıcıya təqdim olunur. Söhbətləşdiyimiz satıcılar deyirlər ki, gün ərzində balıq satışından ən çoxu  90-120 manat arası qazancları olur. Amma gileylənirlər ki, satışdan qalan pulun çox hissəsi icarə haqqına gedir. Burada balıq tacirləri hər ay icarə haqqı kimi bazar sahibinə 600 manat pul ödəyirlər.

Mağazalarda isə bazardan fərqli olaraq balığı alıb təmizlətmək olmur. Ona görə də, bazardakı natəmizlik və üfunət qoxusu mağazalarda hiss olunmur. Nəsimi rayonu, Cavadxan və  Dilarə Əliyeva küçələrində yerləşən bir neçə balıq mağazasına da baş çəkdik. Fərhad adlı satıcı deyir ki, 40 ilə yaxın  balıq satışı ilə məşğul olduğundan həm satdığı məhsulun keyfiyyətinə, həm də alıcının xasiyyətinə yaxşı bələddir.

“Bizdə ancaq dəniz balığıdır, göl balığı satmırıq. Pirallahı, Şüvəlan, Nardarandan gətiririk. Müştəri var ki, gəlir, təzə balıqlarımıza baxır, almır. Məlum olur ki, diri balıq axtarır. Onda bilirəm ki, balıqdan başı çıxan deyil. Yoxsa bilərdi ki, akvariumda satılanlar göl balıqlarıdır. Camaat fikirləşir ki, diridirsə, deməli sağlam və keyfiyyətlidir”, - satıcı deyir. 

Satıcılardan öyrənirik ki, müştərilər ucuz olmaqla yanaşı, həm də sümüksüz balıqlara üstünlük verirlər. Ona görə də, ən çox kefal və bej balığı alınır.

“Qadağandır, amma biz satırıq…”

Mağazalarda ovlanması qadağan olunan nərə balığının da satışına rast gəldik. Satıcı ilə söhbət zamanı məlum oldu ki, bu balığın qadağan olunmasından xəbərdardır, amma… “Qadağandır, amma biz satırıq”, - satıcı deyir.

Qadağan olunmuş nərə balığının kiloqramı isə yerli və ya idxal məhsul olmasından asılı olaraq dəyişir. Yerli nərə balığının kiloqramı 45 manata, Rusiya istehsalı isə 30 manata təklif olunur.

Qeyd edək ki, qanunsuz balıq ovlayanları Cinayət Məcəlləsinin 256-cı maddəsinə əsasən minlərlə manat cərimə, hətta azadlıqdan məhrumetmə cəzası gözləyir. Ovu qadağan edilmiş balıqları satanları nə cəza gözləyə bilər, orası məlum deyil.

Balıq mağazalarında bəzi alıcılarla da söhbətləşdik. Onlar deyirlər ki, balıq riskli qidadır və ona görə ancaq inandıqları satıcılardan balıq alırlar. Digər tərəfdən süni göllərdə, bir çox hallarda natəmiz şəraitdə yetişdirilən, ekoloji təmiz olmayan balıqlar da son illər satışda geniş yayılıb. Çoxları belə balıqları dəniz və ya çay balığı adı altında satırlar, balıq alıb aldanmamaq indi hər adamın bəxtinə düşməz.

Süni göllərdə balıqlar hər cür zir-zibil yeyir, onlara dərman verilir....

Balıq yetişdirilən süni göllər isə ən çox Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Saatlı, Sabirabad, İmişli və Yevlax rayonlarında, əsasən əkinə yararlı torpaqlarda yaradılıb. Ötən il Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin monitorinqini apararaq 150-yə yaxın süni gölü ləğv etdiyini, yüz hektarlarla əkin sahəsinin azad olunduğunu açıqlamışdı.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov süni göllərdə yetişdirilən balıqların təhlükə mənbəyi olduğu haqda bir neçə dəfə danışıb. Onun dediyinə görə, həmin balıqların broyler toyuqlarından fərqi yoxdur. “Onlara süni qidalar, geni modifikasiya olunmuş yemlər verilir. Bizə şikayət gəlmişdi ki, Sabirabad rayonunda süni göllərə insan nəcisi tökülür. Biz dövlət orqanları qarşısında məsələ qaldırdıq. Amma nəzərə alan olmadı. Süni göllərdə yetişdirilən balıqlara xüsusi antibiotiklər, baytarlıq dərmanları verilir. Balıqların orqanizmində həmin dərmanların qalıqları qalır. Bununla belə, həmin balıqlar vətəndaşlara dəniz balığı adı ilə satılır”,-ekspert problemlə bağlı yerli KİV-lərdən birinə belə deyib.

Başqa sözlə, bazarlarda və dükanlarda balıq bolluğu hökm sürür, amma keyfiyyətli və ekoloji təmiz balıq əldə etmək  o qədər də asan iş deyil...






Fikirlər