“Ciddi dalğalanmaların...” - Rusiyada baş verənlər manat-rubl məzənnəsinə necə təsir edəcək?
Azərbaycan Mərkəzi Bankı Rusiya prezidentinin yanvarın 15-də hökuməti istefaya göndərdikdən sonra milli valyutanın rus rubluna nisbətdə məzənnəsini dəyişməyib. 16 yanvar 2020-ci il tarixinə AMB-da 1 rublun kursu 0.0277 manat təşkil edib, hazırda isə 0.0275-dir. Bəs görəsən, yaxın gələcəkdə manat-rubl məzənnəsi necə olacaq? Hansısa ciddi dəyişikliklər gözlənilirmi? Mövzu ilə əlaqədar suallarımıza cavab tapmaq üçün iqtisadi ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu ilin may-aprel ayınadək ciddi dəyişiklik olacağı gözlənilmir: “Əslində bu, dünyanın inkişaf etmiş ölkələrində hökümət dəyişiklikləri iqtisadi proseslərə birbaşa təsir edən amilə çevrilir. İqtisadiyyatda yarı bazar qanunları işləyirsə, inzibati tənzimləmə mexanizmləri güclü olan ölkələrdə hökumət dəyişikliklərinin iqtisadi proseslərə, birbaşa birjalara və valyutalara təsirini zəif olduğunu görürük. Daha çox başqa amillər təsir edir. Rusiyada isə əsasən neft qiymətləri daha çox təsir edir. Çünki dünyada rus rublunu “kağız neft” adlandırırlar. Ona görə neftin qiymətlərində kəskin dəyişikliklər olmayınca, nə rusiyanın səhm bazarında, nə də valyuta bazarında ciddi dəyişiklik hiss olunmayacaq. Hələ hökumətin tərkibi dəyişsə də, strategiyası və hədəfləri dəyişməyib”. Ekspert əlavə olaraq qeyd edib ki, Rusiyada bundan öncə hətta heç bir hökumət dəyişiklikləri olmadıqda, amma neft bazarıda dalğalar yaşandıqda həmişə rus rublunun məzənnəsinə təsir edib: “Bu dəyişikliklərdə ciddi dalğalanmaların yaşanmaması onu göstərir ki, hələ ki, bu proses tam olaraq Putinin başçılığı altındadır. Əsasən konstitutsiyada dəyişiklər olacağı gözlənilir. Çox güman ki, apreldə və ya mayda referendum keçiriləcək. Bu, dəyişikliklərə daha çox təsir edə bilər. Çünki idarəetmənin piramidası və forması dəyişilə bilər. O zaman birjalarda dəyişikliklərin olması ehtimalı var. Hələ ki, neft qiymətlərində bir dəyişiklik yoxdursa, rus rublunda da ciddi oynamaların olmasını gözləmək mümkün deyil”. N.Cəfərli dünya təcrübəsində bu prosesin necə baş verməsi məsələsinə də toxunub: “İnkişaf etmiş ölkələrdə və seçicilərdən birbaşa asılı olan sistemlərdə təbii ki, hökümət istefaları və hökümətin tərkibinin dəyişdirilməsi birjalarda müsbət və mənfi tendensiyalar yaradır. Amma Rusiya hökmətinin indiki tərkibinə baxdıqda sadəcə bəzi kadr dəyişikliklərini görürük. Strateji olaraq, hansısa dəyişikliyin olacağını düşünmürəm. Biznesin əsas gözləntisi odur ki, vergi və gömrük sistemində hər hansı dəyişiklik olacaq, ya yox. Hələ ki, ilkin açıqlamaların vergi və gömrük siyasətində hər hansı dəyişikliyin olacağı elan edilməyib. Buna görə də mən düşünürəm ki, bunun Rusiyada birbaşa təsiri olmadı. Amma məsələn Türkiyədə hökümətin tam tərkibinin istefasını görsəydik, Türkiyə birjalarında ciddi təlatümlər olardı”. Bununla bağlı "qara valyuta bazarı"ndakı vəziyyəti də öyrənməyə çalışdıq. Məlum oldu ki, orada da elə ciddi fərq yoxdur və kəskin dəyişiklik gözlənilmir.