Baş nazir qərar verdi: Çörəyin qiyməti UCUZLAŞACAQMI?
Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” bu il 16 fevral tarixli 37 nömrəli qərarında dəyişiklik edib. Məqsəd dünya bazarında buğdanın qiymət artımlarının ölkə daxilində çörək və eləcə də un məmulatlarına təsirləri minimumlaşdırmaqdır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı-alim Vüqar Bayramov buğda və unun qiyməti ilə bağlı yeni qərarı şərh edərkən bildirib: “Sənədə əsasən, istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat müəyyənləşib. Un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bu qiymətin 25 faizi, yəni 130 manat müəyyən edilib. Qərar əsasən subsiyadaların hesablanması üçün orta aylıq idxal dəyəri hesablanacaq. Bu dəyərə istehsalçının marjası, yəni 130 manat əlavə olunacaq və alınan rəqəm 520 manatdan çıxılacaq. Alınan fərq subsidiya formasında un istehsalçılarına ödəniləcək. Məsələn, əgər şərti olaraq orta aylıq idxal dəyəri 280 manatdırsa, o zaman onun üzərinə 130 manat gəlinəcək və 520 manatdan alınan məbləğ (410 manat) çıxılacaq və un istehsalçısına 110 manat subsidiya ödəniləcək. Təbii ki, orta aylıq idxal dəyərindən asılı olaraq subsidiya məbləği müəyyənləşəcək. Qiymət artımlarının qarşısını almaq üçün müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq. Ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri isə idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan ölkə üzrə məlumatlar əsasında 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq qiymətinin üzərinə həmin ölkənin tətbiq etdiyi ixrac rüsumunun orta aylıq məbləğini əlavə edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrün sonuna müəyyən etdiyi rəsmi məzənnə əsasında hesablanacaq. Bu qərarda məqsəd un istehsalçılarına subsidiya verməklə çörəyin qiymətindəki artımların qarşısını almaqdır. Belə ki, subsidiya un istehsal xərclərinin bir hissəsinin dövlət mənbələri hesabına kompensasiya edilməsinə imkan verəcək və bu da unun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq”. Real partiyasının sədr müavini, iqtisadçı-ekspertin sözlərinə görə, bu qərarın çörək qiymətlərinə heç bir təsiri olmayacaq: “İstehsalçılar üçün verilən subsidiyalar limitli olacaq, qiymət hər ton üçün 520 manatı keçsə, subsidiya verilməyəcək". Ekspert bildirib ki, qərarda hər tona 35 manat olan subsidiyaların fevral-may ayları üçün verildiyi, indi bu müddətin sentyabra qədər uzadıldığı qeyd edilir. Bildirilir ki, fevral-may aylarında tonuna 35 manat alanlar indi iyun-iyul-avqustda da bu pulu ala biləcəklər: “Subsidiyalar artıq keçmiş aylara verilir, o ayların unu ələnib, xəlbiri göydə oynayır. Ölkə özünü buğda ilə təmin edə bilmir, xaricdən, əsasən də Rusiyadan asılıyıq. Rusiya isə hər ton üçün qiymətdən əlavə 50 avro da ixrac rüsumu tələb edir, yəni, qiymət, məsələn, 100 avrodursa, 50 avro rüsum ödəyib, yol xərcini ödəyib taxıl alırsan, bu da təbii ki, qiymətlərin artmasına səbəb olur”. /Yenisabah.az