Su təsərrüfatında vahid idarəçilik: "Agentlik 3 məsələni həll etməlidir" - Ekspert

Dünən Prezident İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı.
Fərmana əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verildi.
Üç dövlət qurumunun birləşdirilməsi ilə su təsərrüfatı sahəsində vahid idarəçiliyin yaradılması effektiv olacaqmı?
 

İqtisadçı ekspert Eldəniz Əmirov Bakupost.az -a açıqlamasında deyib ki, əgər yenə də büdcə vəsaitləri səmərəli istifadə edilməyəcək, korporativ idarəçiliyin ana prinsipləri formalaşmayacaq, şəffaf fəaliyyət və ciddi nəzarət mexanizmi olmayacaqsa, o zaman bu dəyişikliyin yeganə faydası bəzi ştatların ixtisarı olacaq:
"Həqiqi korporativ idarəçilik, ciddi nəzarət mexanizmi və xərclərin səmərəli istifadəsi həyata keçirilərsə, o zaman həqiqətən ciddi nəticələr əldə edilə bilər. O ki qaldı “Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC-lərin birləşdirilməsinə, ölkə başçısı bu fərmanı imzalayarkən 3 məqsədi əsas götürüb. Bunlardan birincisi, su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, o cümlədən, xərcləri optimallaşdırmaqdır. İkinci məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin olunmasıdır. Üçüncü məqsəd isə torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaqdır. Bu da regionların inkişafı üçün vacibdir. Ümid edirəm ki, yeni yaradılan qurum qarşıya qoyulmuş bu üç məqsədə çatmaqla həm ölkə rəhbərinin etimadını doğruldacaq, həm də kənd təsərrüfatının, dolayısı ilə regionların inkişafında ən böyük problemlərdən birinin qismən də olsa, həllinə nail olacaq".
Eldəniz Əmirov bildirib ki, bu gün su ehtiyatlarının ədalətsiz bölgüsü 20-25 il sonra həlli olmayan ciddi problemlər yarada bilər. Ekspertin sözlərinə görə, su ehtiyatlarından səmərəli istifadənin təmin olunması həlli vacib problemlərdən biridir:
"Hazırda nəinki Agentlik, hətta bütün ölkə üçün ən vacib məqsədlərdən biri məhz budur. Çünki su ehtiyatlarından səmərəli istifadə təmin edilməsə, həyatın bütün sahələri fəlakətə gedə bilər. İçməli su problemi, çayların suyunun qeyri-bərabər, ədalətsiz bölünməsi kənd təsərrüfatının, bu da öz növbəsində bütün regionun fəlakəti deməkdir. Buna görə də fərmanda qeyd edilən məqsədlər çatmaq üçün yeni qurumun üzərinə böyük məsuliyyət düşür".






Fikirlər