Yeni il gəldi, bahalaşma başladı: Ərzaq qiymətlərini nə gözləyir? (ŞƏRH)

 

Azərbaycanda siqaretin qiyməti bahalaşıb. Belə ki, bütün növ siqaretlərin qiymətində 0.20-0.50 qəpik bahalaşma qeydə alınıb.
 
Bəs növbəti dövrlərdə bu artımı qida və qeyri-qida məhsullarının da qiymətində də müşahidə edəcəyik?
 
Qaynarinfo bunu iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib. 
Ekspert deyib ki, Azərbaycanda siqaret və spirtli içkilərin qiymətinin artmasının başqa səbəbi və alqoritmi var:
"Bizdə hər il bir dəfə aksiz dərəcəsi artır. Bəzi illərdə isə iki dəfə ard-arda bu artıma getdilər. Bu il də yanvarın 1-dən aksiz dərəcəsinin artırılması ilə bağlı qərar qüvvəyə mindi. Aksiz dərəcələri artdı, vergilər artdı, nəticədə siqaretin və alkaqollu içkilərin də qiymətində artım müşahidə olundu”. 
 
"Artımın qida və qeyri-qida məhsullarına da təsiri olacaqmı” sualına cavab olaraq Natiq Cəfərli bildirib ki, ərzaq qiymətlərinə təsir edən əsas səbəb Azərbaycanın özünü cəmi 25-30% civarında ərzaqla təmin etməsidir:
"Digər ərzaq məhsullarını isə idxal edirik. Həmişə qış aylarında ərzaq məhsullarında qiymət artımı müşahidə olunur. Yəqin ki, Novruz bayramına qədər də qiymət artımı davam edəcək. Biz yerli istehsalı artırmadıqca, xaricdən aslılığımız davam edəcək. Aslılıq davam etdikcə isə bazarda ərzaq qiymətlərinin artımını müşahidə edəcəyik”.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib. Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilib.






Fikirlər