Bank kartları niyə bloklanmışdı? - MÜƏMMA
“Azəricard-da nə baş vermişdi? Ötən gün 6-7 saat ərzində ölkənin ən böyük prosessinq mərkəzinin işləməməsi xeyli düşündürücüdür”. AzerTaym.az bildirir ki, bunu İT üzrə mütəxəssis Osman Gündüz sosial şəbəkədə yazın. Mütəxəssis düşünür ki, ilk növbədə Azərbaycan Beynəlxalq Bankı öz törəmə şirkətində baş verənləri ciddi araşdırmalıdır. “Görəsən bu nəhəng strateji əhəmiyyət kəsb edən ödəniş sisteminə kiber hücum olub, yoxsa texniki xəta baş verib, yaxud da insan amili rol oynayıb? Nə üçün sistemi uzun müddət bərpa etmək mümkün olmayıb? Bərpa prosesində data itkisi olubmu, müştərilərin fərdi məlumatları ələ keçirilibmi? Quruma İT xidmət göstərən şirkətlər müqavilə öhdəliklərini yerinə yetiriblərmi?” – deyə sual edən O. Gündüz qeyd edir ki, Azərbaycan Beynəlxalq Bankı ölkənin ən böyük və peşəkar İT komandasına sahib olan qurumlarından biridir: “Odur ki, ABB -nin əlaqəli qurumlarla, XRİTDX ilə birgə özünün törəmə şirkəti olan Azəricard-da ciddi kiber təhlükəsizlik tədbirləri görməsi, İT audit təşkil etməsi, cavabdehləri məsuliyyətə cəlb etməsi də faydalı olardı. Digər tərəfdən isə, maraqlıdır ki, Azəricard-ın məlumat bazaları görəsən nə üçün AzİnTelecom Data Mərkəzinə miqrasiya edilməyib”.