“20 Yanvara dair vacib sənədlər Moskvaya aparılıb, onları qaytarmaq lazımdır”

“20 Yanvara dair vacib sənədlər Moskvaya aparılıb, onları qaytarmaq lazımdır”

“1990-cı ildə Milli Məclisdə 20 Yanvar faciəsi ilə bağlı komissiya yaradıldı və bu komissiya bir müddət işləyib müəyyən sənədləri üzə çıxardı. Lakin müvafiq komissiya işini axıra çatdıra bilmədi və bu barədə ciddi qərar qəbul edilmədi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O, 1990-cı ildə 20 Yanvar hadisələri bağlı yaradılan komissiyasının fəaliyyətindən və indiyədək Azərbaycan xalqına qaranlıq qalan məsələlərdən söz açıb.

V. Əhmədov xatırladıb ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra bu məsələyə bir daha qayıdıb və 20 Yanvarla bağlı ciddi müzakirələr başlayıb:

“Həmin ərəfədə çox ciddi bir sənəd də qəbul olundu. Həmin sənəddə bütün təqsirkarların adları bir daha səsləndirildi. O vaxtı Heydər Əliyev daha sonra baş prokurora tapşırıq verdi ki, bu işlər araşdırılsın. Prokurorluq bu faciə ilə əlaqədar araşdırmanı hələ də davam etdirir. Lakin mənə elə gəlir ki, 20 Yanvarla bağlı məsələləri araşdırılmasında müəyyən qədər irəliləyişə nail olmağa ehtiyac var”.

Deputatın sözlərinə görə, 20 Yanvara dair sənədlərin əksəriyyəti Moskvaya aparılıb:

“SSRİ dağılıb və Rusiya ilə danışıb o sənədləri Moskvadan gətirmək lazımdır. Bundan sonra axıra qədər analiz aparıb müəyyən etmək lazımdır ki, bu işdə başqa təqsirkar kimdir”.

“Qanlı yanvar” ifadəsinə toxunan deputat onu da əlavə edib ki, bu ifadə düzgün deyil:

“Çünki bu, bizim üçün zəfərin başlanğıcı idi və millətimiz öz iradəsini göstərdi. O sübut etdi ki, heç bir silahdan qorxmur və müstəqillik uğrunda ölümə getməyə də hazırdır. Mən həmin hadisələrin şahidi olub orada iştirak etmişəm. Çox yaxşı bir haldır ki, dövri mətbuatda hadisə ilə bağlı bir çox məqamlar öz əksini tapıb.

Xocalı soyqırımı unudulmadığı kimi, 20 Yanvar da daim yaddaşlarda qalmalıdır. 20 Yanvar da, Xocalı soyqırımı kimi, SSRİ-nin Azərbaycana qarşı apardığı ölümcül siyasəti idi. O vaxt millət ölümlə üz-üzə qalmışdı. Məncə, bu məsələlərdə ovaxtkı rəhbərliyin təqsiri var idi. Yəni onlar bunun qarşısını ala bilərdi, amma hakimiyyətdə qalmaq üçün heç nə etmədilər. Bu, millətimiz üçün şanlı bir zəfərdir. SSRİ kimi bir dövlətin süqutunda məhz Azərbaycanın çox böyük rolu oynayıb. 

20 Yanvarda bizə qarşı böyük terror hadisəsi törətdilər. Bu gün bunu Rusiyanın törətdiyini deyəndə, təkzib edirlər ki, yox, elə deyil. Amma reallıq budur ki, Rusiya həmişə Azərbaycana qarşı belə mövqedə olub. Onlar və bir sıra dövlətlər bu gün də müstəqilliyimizi qəbul edə bilmirlər”.






Fikirlər